Prezidentin Gürcüstan səfəri FOTOLARDA

Hazırda oxunan: Prezidentin Gürcüstan səfəri FOTOLARDA

605481

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.

Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.


Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər. Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.


Qəhrəmanlar Memorialını ziyarətdən sonra Dövlət başçısı və birinci xanım Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.


Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Gürcüstan Prezidenti Mixeil Kavelaşvili qarşılayıb.


Rəsmi qarşılanma mərasiminin ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü keçirilib.


Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.


Daha sonra Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək, ardınca isə geniş tərkibdə görüşü baş tutub.


Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.


İrakli Kobaxidze bəyanatında Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edib. Gürcüstan Baş naziri vurğulayıb ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır.

Prezident İlham Əliyev isə bəyanatında səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bəyan edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək:

“Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin