İranın Qırmızı Aypara Cəmiyyəti İrana göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edir.
Bizim.Media xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini Raziyə Alişvəndi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycan, Rusiya, Hindistan, Çin, Dağıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və İraqdan İrana humanitar yardımlar göndərilib.
Alişvəndi humanitar yardımların quru sərhədlər vasitəsi ilə ölkəyə göndərildiyini qeyd edib. Cəmiyyət rəsmisi bildirib ki, İran heç bir beynəlxalq təşkilata və yaxud ölkəyə humanitar yardımlarla bağlı müraciət etməyib və ölkələr könüllü şəkildə İrana yardımlar edib.
“Yerli potensialdan əlavə ölkələrin göndərdiyi köməklərdən istifadə olunur. İran bu ölkələrə, dövlətləri və xalqlarına təşəkkürünü bildirir”, - deyə o qeyd edib.
Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq Azərbaycan İrana humanitar yardımlar göndərib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Azərbaycan İrana indiyə qədər üç dəfə humanitar yardım göndərib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb.
Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir. (Trend.az)
Bizim.Media






























































































