Aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında olan polemikadan sonra iki ölkə arasında gərginlik daha da artmaqdadır. Həmin görüşün ardınca bir sıra Rusiya rəsmiləri Ermənistanı hədəf alan açıqlamalar veriblər.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu mənada xüsusilə fərqlənir. O, xəbərdarlıq edib ki, Ermənistan Avropa İttifaqına qoşularsa, artıq Rusiya ilə hava əlaqələri olmayacaq.
Overçukun sözlərinə görə, Ermənistan vətəndaşları Yerevanın Aİ-yə yaxınlaşmaq qərarının "potensial nəticələrindən" xəbərdar olmalıdırlar. O, Ermənistan əhalisinə çağırış edərək deyib ki, belə bir hal baş verərsə, bu, İrəvanın Avropa İttifaqına yaxınlaşmaq qərarına görə baş verəcək.
Eyni zamanda, Overçukun sözlərinə görə, Aİ-yə qoşulmağın Ermənistan üçün son nəticələrinin nə olacağı bəlli deyil. Aydın məsələdir ki, Overçukun açıqlaması seçkiöncəsi Ermənistan əhalisinin Paşinyana qarşı mövqe tutmasına hesablanmış bir mesajdır.
Görəsən, bu açıqlamalar fonunda iki ölkə arasındakı münasibətlər necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Rusiya yaxın iki ay ərzində Ermənistanda siyasi gərginliyi artırmaq üçün müəyyən addımlar atacaq:
“Paşinyanla görüşündə Kreml sahibi Putin növbəti dəfə 2022-ci ildə Ermənistan baş nazirinin Qarabağın Azərbaycan ərazisi olaraq tanımasını diqqətə çatdırmaqla, bununla əslində Paşinyanın hazırkı durumun mövcudluğuna şərait yaratdığını demək istəyib. Bu fonda da Putin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə görə Ermənistan tərəfindən Rusiyanın ittiham olunmasının doğru olmadığını diqqətə çatdırıb.
Məsələyə məntiqi yanaşsaq, bu cür fikirlərin ifadə edilməsi təbii ki, Azərbaycanın suveren ərazilərinə yumşaq desək, Kremlin fərqli prizmadan yanaşmasının növbəti bariz nümunəsidir. Bununla Putin həm İrəvan qarşısında məsuliyyəti guya öz üzərindən atır, həm də Ermənistanda müxalif-revanşist qüvvələrə baş verənlərin günahkarının məhz Paşinyan olduğunu gündəmə gətirmək istəyir”.
Deputat qeyd edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı yerində mövqe sərgiləyərək, etiraz bəyanatı verib:
“Məsələ ondadır ki, Azərbaycan ərazisi siyasi alver predmeti ola bilməz. Ölkəmizin daxili işinə qarışmaq, Azərbaycan ərazisinin mübahisə predmeti olmasını gündəmə gətirmək olmaz”.
Partiya sədrinin fikrincə, Paşinyanla Putin arasında baş verənlər isə sadəcə olaraq qarşıdakı parlament seçkiləri ərəfəsi Ermənistan Baş nazirini sıxışdırmaq, ona müxalif rusiyameylli qüvvələrin gücünü artırmaq, onlara dəstəyi ifadə etmək məqsədindən ibarətdir:
“Bu isə İrəvanla Moskva arasındakı münasibətlərə ciddi şəkildə mənfi təsir edəcək bir məqamdır. Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Zəngəzur dəhlizinin açılması ilə isə Ermənistan tranzit ölkəsinə çevriləcək ki, belədə onun iqtisadi imkanları da arta bilər. Paşinyan bunu anlayır. Ona görə də artıq Rusiyanın dövlət maraqlarına xidmət etməyən fərqli siyasət yürüdür”.
“Moskvanın regiona təsir imkanları sıfırlanacaq”
Həmsöhbətimizin fikrincə, gələcəkdə Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından çıxıb, tam Qərbyönümlü siyasət yürütməsi demək olacaq:
“Həmçinin, Moskvanın Ermənistan üzərindən regiona təsir imkanları da sıfırlanacaq. Putin də bundan narahatdır. Bu həm də onu deməyə əsas verir ki, seçkilərə qədərki dövrdə Rusiya Ermənistan daxilində öz tərəfdarlarını himayə etməklə fərqli bir gərgin durum yaratmağa çalışacaq”.
Əlizadə düşünür ki, nə baş verməsindən asılı olmayaraq, Ermənistanda Paşinyanın hakimiyyətdə qalma imkanları daha çoxdur:
“Kreml çalışacaq ki, Paşinyanın hakimiyyətdən getməsinə nail olsunlar. Amma buna nail olacaqları sual altındadır. Çünki Paşinyan faktiki və haqlı olaraq Ermənistan cəmiyyətini revanşistlərin hakimiyyətə gəlməsilə sentyabrda müharibənin yenidən alovlanacağı ilə bağlı məsələyə kökləyir. Öz siyasətini bu kontekstdə quran Paşinyan daha böyük elektorata malikdir. Nəticə etibarı ilə Paşinyanın hakimiyyətdə qalması imkanları daha çoxdur”.
Rüfət Sultan, Bizim.Media
































































































