Azərbaycanın hesabatı BMT-nin rəsmi sənədi kimi yayıldı – Erməni diasporunun topladığı pullar…

Hazırda oxunan: Azərbaycanın hesabatı BMT-nin rəsmi sənədi kimi yayıldı – Erməni diasporunun topladığı pullar…

60467

Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hesabatda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi vurğulanır.

Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilir.

Qeyd olunan fakt Ermənistan Baş nazirinin 21 aprel 2021-ci il tarixində Ermənistan parlamenti qarşısında 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı çıxışında əksini tapmışdır.

Əksəriyyəti Ermənistanın siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian Fund” tərəfindən təşkil və idarə olunan bu cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir.
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla yanaşı, müvafiq erməni diaspora təşkilatlarının qeydiyyatda olduğu ölkələrin milli qanunvericiliklərinin, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Bununla əlaqədar, Xarici İşlər Nazirliyi, bütün BMT üzv dövlətlərini öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bu cür qanunsuz fəaliyyətlə məşğul olan qurumlara münasibətdə öz beynəlxalq öhdəlikləri çərçivəsində səmərəli əks tədbirlər görməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin