“Bütün dünya ölkələrində Prezidentin ailəsinin şərəf və ləyaqəti qanunvericiliklə qorunur”.
MÖVZU İLƏ BAĞLI:
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
O, xaricdəki söyüş blogerləri tərəfindən aparılan qarayaxma kampaniyasından danışıb:
“Mən qanunvericiliyi bir kənara qoyub xatırlatmaq istəyirəm ki, bizim milli-mənəvi, dini dəyərlərimizə əsasən mübarizəni təmiz aparmaq lazımdır. Tarixdə biz Qaçaq Kərəmlə İsrafil ağanın və digərlərinin düşmənçiliyini görmüşük. Yəni mən mübarizənin də milli dəyərlərimizə uyğun aparılmasının tərəfdarıyam”.
Tural Abbaslı əlavə edib ki, mübarizə metodlarını qadın, ailə üzərindən qurmaq bizim milli xarakterimizə yaddır:
“Bu cür mübarizə üsulu nə siyasətçilərə, nə vətəndaşlara, nə də ictimai fəallara baş ucalığı gətirir. Hesab edirəm ki, siyasi mübarizə bəlli və sivil yollarla, ən əsası da milli-mənəvi dəyərlərimizə uyğun aparılmalıdır. Heç kimin şəxsi həyatı, ailəsi və ailə üzvləri haqsız hücumlara məruz qalmamalıdır”.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs - F.S. (şərti ad) saxlanılıb. İstintaq çərçivəsində bir sıra qaranlıq məqamlara, o cümlədən xaricdəki söyüş blogerlərinin qarayaxma kampaniyasının pərdəarxası məqamlarına aydınlıq gətirilib.
Bizim.Media


































































































