Avropa Yenidənqurma və İnkişaf Bankı dünyanın digər regionlarında olduğu kimi, Cənubi Qafqazda da beynəlxalq əməkdaşlığın genişləndirilməsi proseslərini dəstəkləməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər Biznes Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, region dövlətlərinin siyasətində transformasiya baş verib ki, bunun da nəticəsində qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlıq və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan yaranıb. Bu imkanların iqtisadi inkişafa, biznes və ticarətin artmasına şərait yaradıb.
Eyni zamanda, regiondakı dövlətlər üçün daha fəal qarşılıqlı fəaliyyətə başlamaq və dialoq qurmaq fürsəti formalaşıb.
“Bu regionda Azərbaycan və Ermənistan var, yeni perspektivlər yaranır. Dünya dəyişir, narahatlıq doğuran böhranlarla yanaşı, ümid əlamətləri də görünür. Beynəlxalq ictimaiyyət reaksiya verir və həll yolları tapır. Ümid edirik ki, bu proses davam edəcək. Bir təsisat olaraq biz bunu dəstəkləməyə hazırıq”, - deyən Alkis Drakinos vurğulayıb ki, regiondan keçən nəqliyyat marşrutları dünya iqtisadiyyatının inkişafına, Avropa ilə Asiya arasında ticarət əlaqələrinin artmasına təkan verir”.
Bizim.Media



































































































