Ukrayna ordusunun fevraldan başlayaraq Rusiya ordusuna qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları öz bəhrəsini verməkdədir. Bu əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin demək olar ki, bütün ərazisini azad edib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko bildirib ki, Ukrayna qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədində planlı hücum əməliyyatı apararaq, 400 kvadrat kilometrdən çox ərazini azad edib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ
Hazırda vilayət ərazisində işğalda qalan üç kiçik yaşayış məntəqəsinin azad edilməsi əməliyyatları həyata keçirilir. Daha iki məntəqədə isə təmizləmə əməliyyatları aparılır.
Beləliklə, Ukrayna işğalda olan 5 vilayətindən birini artıq azad edib.
Müharibənin seyri dəyişir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, yalnız Avropa və ABŞ-ın Kiyevə daha ciddi dəstək verəcəyi təqdirdə, Ukrayna müharibənin gedişini tam olaraq öz xeyrinə dəyişə bilər:
“Ukrayna ordusu əks-hücum əməliyyatı həyata keçirərək, Dneprpetrovsk vilayətinin bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Nəticədə həmin vilayət tamamilə Ukraynanın nəzarəti altına keçib. İşğaldan azad edilmiş bu ərazilər 400 kv.km-dən çoxdur. Bundan başqa, arxa cəbhədəki kiçik bir ərazi də artıq rus hərbi hissələrindən təmizlənib. Hazırda əməliyyatlar qarşılıqlı hücumlarla müşayiət olunmaqla davam edir. Bu da onu göstərir ki, müharibənin yaxın zamanlarda dayanacağı gözlənilmir”.
Deputat hesab edir ki, Rusiyanın iqtisadi və hərbi baxımdan imkanları tükənmək üzrədir:
“Ukrayna ordusu ciddi müqavimət göstərərək, əraziləri işğaldan azad etmək hədəfinə çatmağı planlaşdırır. Ümid edirik ki, sonda tam olaraq buna nail olacaqlar. Rusiyanın zaman keçdikcə, imkan və potensialı tükənmək üzrədir. Belədə, hesab edirəm ki, tədricən də olsa Rusiya öz mövqelərini itirəcək. Mövcud situasiyada müharibənin uzanması Ukraynadan daha çox Rusiyanın əleyhinə işləyir”.
Həmsöhbətimizin fikrincə, sözügedən müharibənin seyrinin dəyişməsi əsasən ABŞ və Avropadan asılıdır:
“Avropa və ABŞ-ın Kiyevə dəstəyi bir qədər güclənərsə, Ukrayna ərazisinin tam olaraq işğaldan azad edilməsi mümkün olacaq. Əks halda, bu o qədər də ağlabatan görünmür”.
Rüfət Sultan, Bizim.Media






























































































