Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Hazırda oxunan: Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

600528

Ukrayna ordusu Zaporojye istiqamətində Rusiyanın müdafiə xəttini yarmağa nail olub. Nəticədə Ukrayna ordusu 400 kv.km ərazini və 8 məntəqəni azad edib.

Bu əsasda Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri hesab edir ki, Ukraynanın keçirdiyi uğurlu əməliyyat Rusiyanın Zaporojye bölgəsində daha da irəliləməsini və Donetsk bölgəsindəki "qalalar qurşağı"na qarşı gözlənilən yaz-yay hücumunu poza bilər.

Ukrayna müharibədə dönüş yaradır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Kiyevin Moskva ilə müqayisədə böyük gücə malik olmadığını əsas gətirərək, son uğurlara rəğmən Ukraynanın müharibədə dönüş yaratdığını düşünmür:

“8 məntəqənin rus işğalçılarından azad olunması Ukrayna ordusunun müharibədə əsaslı dönüş yaratmaq imkanına malik olmasını xarakterizə etmir. Düzdür, Ukrayna mənəvi, psixoloji cəhətdən çox güclüdür və ayaqda qalmaqda davam edir. Rusiya isə bu fonda daha da geriyə gedir. Rusiya xalqı da müharibədən bezib, sadəcə səsini çıxara bilmir”.

İ. Rüstəmli qeyd edir ki, dünyada baş verən hadisələr təbii olaraq Ukrayna-Rusiya müharibəsinə də öz təsirini göstərir:

“Trampın İrana hücumu və bu hücum fonunda Rusiyaya münasibətdə ən aşağı səviyyədə olsa da, müəyyən yumşalma tendensiyalarının hiss olunması, təbii ki, Moskvanın Ukraynaya müharibəsindəki mövqeyində də müəyyən kordinasiyaya səbəb olub. Rusiya artıq sonu görünməyən savaş bataqlığına atıldığını anlayır. Rusiya daha ABŞ üçün ciddi rəqib sayılmır. Həmçinin, Trampla Putin biri-biriləri ilə münasibətləri korlamaq istəmir”.

Ekspert Ukraynanın canlı qüvvə, silah, təminat baxımından Rusiya ordusundan güclü olduğunu düşünmür:

“Rusiya daha böyük resurslara malikdir. Amma bununla belə görünən odur ki, Moskva üçün düşdüyü bataqlıqdan çıxmaq müşkülə çevrilib. Rusiya müharibə səbəbindən bütün sahələr üzrə itkilər verir, xüsusən də maliyyə baxımından”.

Bu əsasda müsahibimiz hesab edir ki, artıq sözügedən müharibənin də sonuna yaxınlaşırıq:

“Müharibədə artıq müəyyən yumşalmalar özünü göstərməyə başlayıb. Artıq Rusiya da başa düşür ki, müharibədən heç kim qalib çıxmayacaq. Rusiya hətta mənəvi baxımdan böyük itkilərə məruz qalıb. Artıq dünya da bu müharibədən bezib. Kiyevlə Moskva arasında hər hansı bir səviyyədə atəşkəs əldə olunacaq. Bunun tərəflər üçün nə qədər əhəmiyyətli olacağını isə zaman göstərəcək”.

Politoloq Tofiq Abbasov isə Ukraynanın dönüş yarada biləcəyini istisna etməyib:

“Heç nəyi istisna etmək olmaz. Amma məsələ ondadır ki, 4 ildir davam edən müharibə mövqe toqquşmaları ilə müşayiət olunur. Hər iki tərəf kifayət qədər yorulub. 8 kəndin Ukrayna tərəfindən azad edilməsi onu göstərir ki, onlar təmkin nümayiş etdirərək, güc toplayıb, Zaporejye istiqamətində rəqibə əsaslı zərbə endirməyi bacarıblar. Bu sıçrayış Ukraynaya ruh verib, özünə inanmağa sövq etsə də, Rusiya da müvafiq tədbirlərə əl atacaq”.

Politoloqun fikrincə, İran ətrafında gedən proseslə bağlı olaraq, Rusiya-Ukrayna qarşıdurmasında yeni geosiyasi durum formalaşacaq və tərəflərin masa arxasına keçməsi qaçılmaz olacaq:

“İran ətrafında müharibə azı bir ay çəkəcək. Bunun fonunda Ukrayna-Rusiya qarşıdurmasında pauzanın oturuşması üçün də şərait formalaşır. Hesab edirəm ki, bunu həm Kiyev, həm də Moskva istəyir. Amma hər iki tərəf atəşkəs elan olunana qədər cəbhədə üstünlüyə nail olmağa çalışır. Məntiq onu diktə edir ki, bu qarşıdurmanın böyük hissəsi artıq arxada qalıb. Perspektivdə hər iki tərəfin danışıqlara üz tutaması qaçılmaz görünür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin