Məlum olduğu kimi, martın 5-də İran tərəfindən Naxçıvana dron hücumu həyata keçirilib. Dronlar Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminalının və Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.
MÖVZU İLƏ BAĞLI:
Hücumdan sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib.
Prezident İlham Əliyev hücumdan dərhal sonra Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Dövlətimizin başçısı iclasda çıxışı zamanı hadisənin terror aktı olduğunu açıq şəkildə vurğulayıb və Silahlı Qüvvələrimizin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini qeyd edib.
Bütün faktlara göz önündə olsa da, İran rəsmiləri həyasızcasına inkarçı mövqe tutublar. Lakin Naxçıvana hücumdan sonra aşkarlanan faktlar bütün məqamları gün üzünə çıxarır.
“Arash-2” dronunun texniki xüsusiyyətləri
Hücumun xarakteri, həmçinin dronun səs xüsusiyyətləri və qalıqları onların İran istehsalı olan “Arash-2” tipli kamikadze pilotsuz aparatlar olduğunu göstərir. Həmin PUA-lardan daha əvvəl Küveytə hücumda da istifadə olunub.
Qeyd edək ki, “Arash-2” tipli PUA-lar klassik mənada pilotsuz uçuş aparatı deyil, barraj edən döyüş sursatı – yəni bir dəfə istifadə olunan kamikadze dronudur.
Təxminən 4–4,5 metr uzunluğa və 4 metrə yaxın qanad açıqlığına malik olan bu aparat porşenli mühərrik vasitəsilə hərəkət edir və saatda təxminən 180–190 kilometr sürət yığa bilir. “Arash-2”lər təxminən 150 kiloqram döyüş başlığı daşımaq xüsusiyyətinə malikdir.
Bu PUA-ların ən diqqət çəkən xüsusiyyətlərindən biri isə uçuş məsafəsidir. Müxtəlif məlumatlara görə, bu aparat iki min kilometrədək məsafəni qət edə bilir. Bu isə onu yalnız taktiki deyil, həm də strateji radiuslu silah kateqoriyasına daxil edir.
Lakin belə dronların əsas üstünlüyü uçuş məsafəsində deyil, tətbiq taktikasındadır. Onlar yer səthinə son dərəcə yaxın – bəzən cəmi 30-40 metr yüksəklikdə uçur və relyefdən radarlar üçün təbii “sığınacaq” kimi istifadə edirlər.
Radioüfüq: radarların fiziki məhdudiyyəti
Hadisədən sonra bəziləri bilərəkdən, bir çoxları isə bilməyərəkdən sual verirlər ki, nə üçün hava hücumundan müdafiə sistemləri bütün dronları məhv etməyib?
Bu sualı cavablandırmaq üçün əvvəlcə HHM sistemlərinin işləmə prinsipinin əsas anlayışlarından biri – radioüfüqün nə olduğunu anlamaq vacibdir.
Belə ki, radar stansiyaları elektromaqnit dalğaları vasitəsilə işləyir və bu dalğalar əsasən düz xətt boyunca yayılır. Yer kürəsinin səthi isə əyridir. Nəticədə radarın görmə məsafəsi fiziki olaraq məhdudlaşır.
Məsələn, təxminən 20 metr yüksəklikdə yerləşən radar stansiyası 30 metr yüksəklikdə uçan hədəfi adətən yalnız 25–30 kilometr məsafədən aşkar edə bilir.
Əgər radar ilə hədəf arasında dağlar, təpələr və ya relyef qırışları varsa, bu məsafə daha da azalır. Naxçıvan və ətraf bölgələr isə mürəkkəb dağlıq relyefə malikdir. Belə şəraitdə çox aşağı yüksəklikdə uçan dron qəfil şəkildə radarın “görmə zonasına” daxil olur və hava hücumundan müdafiə bölmələrinin reaksiya üçün bəzən bir neçə saniyə vaxtı qalır.
Kiçik dronlar aşkarlamaq radarlar üçün daha çətindir.
Problemi çətinləşdirən başqa bir amil dronların radiolokasiya baxımından zəif görünməsidir. Müasir kamikadze dronların korpusu çox vaxt kompozit materiallardan hazırlanır. Bu materiallar radarı yaxşı əks etdirmir. Nəticədə radar ekranında belə aparatların əks olunması çox zəif olur və bəzən təbii fon siqnallarından fərqləndirmək çətinləşir.
Başqa sözlə, belə dronlar böyük təyyarələr və ya qanadlı raketlərlə müqayisədə radar üçün çox “kiçik” hədəfdir. Bir çox mövcud radar sistemləri isə ilkin olaraq məhz daha böyük obyektlərin aşkarlanması üçün optimallaşdırılıb. Bu səbəbdən kiçik və aşağıdan uçan PUA-ların aşkarlanması bu gün dünyanın bütün orduları üçün çətin məsələlərdən biri hesab olunur.
Dünya təcrübəsi: xərclənən milyardlar fonunda uğursuz nəticə
Naxçıvanda baş verənləri daha dəqiq analiz etmək üçün beynəlxalq təcrübəyə ekskurs etmək vacibdir. 14 sentyabr 2019-cu ildə pilotsuz aparatların və qanadlı raketlər vasitəsilə Səudiyyə Ərəbistanının ən mühüm enerji obyektlərindən biri olan Abqaiq neft emalı kompleksinə və Xurais yatağına zərbə endirildi.
Hücumun nəticəsi qlobal enerji bazarı üçün şok effekti yaratdı. Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı təxminən 5,7 milyon barel azaldı – bu isə dünya tarixində ən böyük birdəfəlik enerji fasilələrindən biri sayılır.
Maraqlıdır ki, həmin obyektlər “Patriot” zenit-raket sistemləri, “Skyguard” zenit artilleriyası və digər müdafiə vasitələri ilə qorunurdu. Buna baxmayaraq, hücum edən dronlar və raketlər bu müdafiəni yarıb keçə bildi. Ekspertlər bunun əsas səbəblərindən biri kimi aşağı yüksəklikdə uçan hədəflərin “Patriot” kimi sistemlərin optimal fəaliyyət zonasından kənarda qalmasını göstərirdilər.
İsrail çoxpilləli və texnoloji baxımdan ən inkişaf etmiş hava hücumundan müdafiə sistemlərindən birinə malikdir. Buna baxmayaraq, son illərdə Livan, Qəzza və digər istiqamətlərdən buraxılan pilotsuz aparatların müdafiə xəttini keçməsi halları dəfələrlə qeydə alınıb. Elə İranın son hücumlarında da bu mənzərə aydın şəkildə göründü.
Bununla yanaşı, Ukrayna müharibəsi müasir hərb tarixində dron müharibəsinin real laboratoriyasına çevrilib. Qərb ölkələrinin təqdim etdiyi NASAMS, IRIS-T, Patriot və digər sistemlər sayəsində Ukrayna hava hücumlarının böyük hissəsini dəf edə bilir.
Bəzən hücum edən dronların 80–90 faizi məhv edilir. Lakin praktika göstərir ki, heç vaxt 100 faizlik nəticə əldə olunmur. Həmişə müəyyən sayda dronlar müdafiəni yararaq hədəfə çata bilir.
Naxçıvana hücumda dronların zərərsizləşdirilməsinə nə mane oldu?
HHM sistemlərinin işləmə prinsipi və dünya təcrübəsinə əsasən, qeyd edə bilərik ki, Naxçıvana hücumda dronların hava hücumundan müdafiə sistemindən yayınması beş əsas amillə bağlıdır.
- İran sərhədinə çox yaxın məsafə;
- mürəkkəb dağlıq relyef;
- aşağı yüksəklikdə uçuş;
- kiçik radar əks etdirmə səthi;
- çox qısa reaksiya müddəti.
Bu faktorların kombinasiyası istənilən hava hücumundan müdafiə sistemi üçün son dərəcə çətin şərait yaradır.
Dron müharibəsinin reallığı və Azərbaycanın cavab strategiyası
Naxçıvana edilən hücum təkcə lokal təhlükəsizlik insidenti deyil, həm də müasir müharibələrin dəyişən xarakterinin növbəti göstəricisidir. Son illərin hərbi təcrübəsi göstərir ki, ucuz və kütləvi şəkildə tətbiq edilə bilən kamikadze dronlar ən bahalı və texnoloji cəhətdən inkişaf etmiş hava hücumundan müdafiə sistemləri üçün belə ciddi çağırış yaradır.
Bu gün dünyanın aparıcı hərbi gücləri belə aşağı yüksəklikdə uçan, kiçik radar əks etdirmə səthinə malik pilotsuz aparatlara qarşı mübarizədə tam və universal həll tapa bilməyiblər. Naxçıvanda baş verən hadisə də məhz bu qlobal reallığın regional təzahürüdür.
Eyni zamanda, hücumun siyasi və təhlükəsizlik ölçüsü də aydındır.
Azərbaycanın dövlət rəhbərliyinin operativ reaksiyası – Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi, ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi və sərt etirazın bildirilməsi – rəsmi Bakının baş verənləri adi insident kimi deyil, ölkənin təhlükəsizliyinə yönəlmiş ciddi təhdid kimi qiymətləndirdiyini göstərir.
Belə şəraitdə əsas məsələ yalnız konkret hücumun nəticələrini qiymətləndirmək deyil, həm də gələcəkdə oxşar təhdidlərə qarşı daha effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasıdır. Çünki müasir təhlükəsizlik mühitində pilotsuz sistemlər artıq epizodik silah deyil, müharibələrin və hibrid qarşıdurmaların əsas elementlərindən birinə çevrilib.
Azərbaycanın verdiyi mesaj isə aydındır: ölkənin suverenliyi və mülki əhalinin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq və belə hücumlar cavabsız qalmayacaq.
Bizim.Media-nın analitik qrupu



























































































