Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə qarşı PUA hücumu cəhdini qəti şəkildə pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə krallığın XİN-i məlumat yayıb.
Bəyanatda bildirilir ki, bu addımlar region ölkələrinə qarşı düşmən siyasətin göstəricisidir.
“Bu iki ölkəyə qarşı yönəlmiş bu qorxaq cəhdlər və İranın region dövlətlərinə münasibətdə təkrarlanan aqressiv davranışı heç bir halda əsaslandırıla bilməyən düşmənçilikdən xəbər verir. Bu həm də beynəlxalq hüquqa, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır”, – deyə bəyanatda qeyd olunur.
Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bildirib, onların hökumət və xalqlarına dəstəyini ifadə edib.
Krallıq həmçinin vurğulayıb ki, hər iki ölkə öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququna malikdir.
Bəyanatda əlavə olunub ki, Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin qorunması, eləcə də gərginliyin qarşısının alınması istiqamətində atdığı addımları yüksək qiymətləndirir.
Bizim.Media






















































































