Prezident fərman imzaladı

Hazırda oxunan: Prezident fərman imzaladı

599825

Müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına verilən kreditlərin faizlərinin maliyyələşdirilməsi qaydası müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
 

Nəzərdə tutulmuş kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq müəyyən edilir.


Sahibkarlıq subyektləri müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər.

Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edilir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir.

Təqdim edilən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən 10 (on) iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).
 

Nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləği müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və nağdlaşdırılmadan istifadə olunur.


Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür.

Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.

Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər.

Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 (bir) dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır.

Həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 (üç) ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır.

Ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən Agentliyə qaytarılır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) 30 (otuz) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir.
 

Agentliyə qaytarılmış vəsait müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektindən tələb edilir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində faizlərinin bir hissəsi Agentlik tərəfindən maliyyələşdirilən kreditlər verilmir.


Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.

Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 000 000 (on milyon) manatlıq hissəsinin nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin