KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik YARADILDI - FƏRMAN

Hazırda oxunan: KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik YARADILDI - FƏRMAN

598081

Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.
 

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.


Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

üç ay müddətində:

- Agentliyin əsasnaməsinin və strukturunun layihəsi;

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

doqquz ay müddətində:

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri;

- qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi;

Bundan başqa, hökumət fərmanda göstərilən publik hüquqi şəxslərin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli, "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, Agentliyin işçilərinin fərmanda göstərilən publik hüquqi şəxslərin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməli, gentliyin fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri bir ay müddətində həll etməli, Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, habelə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli və bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, fərmanda göstərilən publik hüquqi şəxslər öz fəaliyyətlərini davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin