Rusiyanın HİBRİD HÜCUMLARI - Azərbaycanın artan gücü və qarayaxma kampaniyasının ARXA PLANI

Hazırda oxunan: Rusiyanın HİBRİD HÜCUMLARI - Azərbaycanın artan gücü və qarayaxma kampaniyasının ARXA PLANI

597964

Son həftələr Azərbaycana qarşı sosial media və müxtəlif informasiya platformalarında paralel şəkildə başladılan qarayaxma kampaniyası ayrı-ayrı şəxslərin emosional paylaşımı deyil. Hadisələrin xronologiyası, mesajların eyni tezislər üzərində qurulması və informasiya axınının koordinasiyalı şəkildə yayılması göstərir ki, söhbət vahid mərkəzdən idarə olunan planlı prosesdən gedir.

Mövcud faktlar və prosesin geosiyasi konteksti onu göstərir ki, kampaniyanın arxasında xarici xüsusi xidmət orqanları dayanır. Xüsusilə son illərdə, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar və Azərbaycanın müstəqil siyasi xətti bəzi xarici güclər üçün narahatlıq mənbəyinə çevrilib. Əgər əvvəlki mərhələlərdə əsas alət kiber hücumlar, texniki təzyiqlər və diplomatik manipulyasiyalar idisə, indi psixoloji və reputasiya yönümlü informasiya, o cümlədən fiziki təxribatlar ön plana çıxarılıb.

44 günlük müharibə və geosiyasi arxitekturanın dəyişməsi

2020-ci ildə başa çatan Vətən müharibəsi regionun geosiyasi xəritəsini kökündən dəyişdi. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda yeni güc balansı formalaşdırdı.

- Uzun illər ərzində Moskvanın təsir aləti kimi istifadə etdiyi “dondurulmuş münaqişə” mexanizmi sıradan çıxdı;

- Sülhməramlılar vasitəsilə hərbi varlığını qorumaq planı iflasa uğradı;

- “Qarabağ kartı” anlayışı faktiki olaraq tarixə qovuşdu.


Bunlar Rusiyanın regiondakı təsir imkanlarının ciddi şəkildə zəifləməsi deməkdir. Cənubi Qafqazda proseslərin əsas təşəbbüskarı rolunda indi rəsmi Bakı çıxış edir.

Azərbaycanın artan nüfuzu: Orta Dəhliz, enerji və TRİPP

Azərbaycan bu gün təkcə regional oyunçu deyil, həm də Avrasiya məkanında enerji və logistika təhlükəsizliyi zəncirinin əsas halqalarından birinə çevrilib. Belə ki, Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsində alternativ mənbə rolunu gücləndirir, Orta Dəhliz real tranzit alternativinə çevrilir.

Bunun fonunda ABŞ ilə münasibətlərdə yeni dinamika da diqqət çəkir. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış siyasi xətt TRİPP çərçivəsində əməkdaşlıq Azərbaycanın qlobal əhəmiyyətini artırır. Vaşinqton üçün Bakı artıq sadəcə tərəfdaş deyil, regionu birləşdirən açar ölkə, logistika habıdır.

Bu reallıq Kremlin Cənubi Qafqazı təsir zonası kimi görmək siyasəti ilə ziddiyyət təşkil edir. Çünki yeni situasiyada Azərbaycan və Türkiyə regionda əsas geopolitik gücə, Ermənistan üzərində isə əsas nüfuz sahibinə çevrilib. Nəticədə, Moskvanın manevr imkanları minimuma enib. Ona görə də Rusiya Ermənistan daxilindəki təsir rıçaqlarından – revanşistlərdən də hibrid hücumlarda aktiv istifadə edir.

Bu aktivlik Rusiyayönümlü müxalifət qanadında - Koçaryan-Sarkisyan və kilsə xəttində özünü daha aydın büruzə verir. Revanşist qüvvələr faktiki olaraq regionda formalaşan sülh arxitekturasını pozmağa, yeni reallıqlara mane olmağa çalışırlar. Məqsəd isə Azərbaycan və Türkiyənin Cənubi Qafqazda nüfuzunun güclənməsinə maneə yaratmaqdır.

Beşinci kolonun ifşası və daxili dayaqların sıradan çıxması

Uzun illər ərzində Azərbaycan daxilində müxtəlif formalarda mövcud olmuş qeyri-rəsmi təsir şəbəkələri Moskva üçün rahat alət idi. Xüsusilə də, Ramiz Mehdiyev və şəbəkəsinin ifşası, hüquqi məsuliyyətə cəlb olunması Rusiyanın “beşinci kolon”una ağır zərbə vurdu. Dayaqlar zəiflədikcə və paralel təsir mexanizmləri sıradan çıxarıldıqca, xarici təzyiq alətləri daha aqressiv xarakter almağa başladı.

Qarayaxma kampaniyasında Ruben Vardanyan amili və vaxt seçimi

Qarabağa böyük gözləntilərlə göndərilmiş, sonradan Ermənistana transferi planlaşdırılan Ruben Vardanyan layihəsinin iflasa uğraması isə Moskva üçün strateji zərbə oldu. Qarayaxma kampaniyasının məhz Vardanyana hökm oxunması ərəfəsində start götürməsi də məhz bununla bağlıdır.

Çünki Kremlin Vardanyan vasitəsilə bölgədə yeni təsir mexanizmi qurmaq planı baş tutmadı. Üstəlik, erməniəsilli oliqarx həbs edilərək, 20 il müddətinə azadlıqdan məhrum edildi.

Yəni, separatçı strukturun ləğvi və prosesin hüquqi müstəviyə keçməsi Rusiyanın regiondakı manevr imkanlarını daha da məhdudlaşdırdı. Digər tərəfdən Vardanyan Rusiya elitası üçün kilid fiqurlardan biri hesab olunurdu. 2019-cu ildə R.Vardanyan barədə beynəlxalq araşdırma təşkilatı tərəfindən hazırlanan “The Troika Landromat” hesabatında erməniəsilli oliqarxın Rusiya elitası üçün çirkli pulların yuyulmasının əsas təşkilatçısı olduğu açıq şəkildə öz əksini tapıb.

Hüseynov qardaşları

Xaricdə yaşayan söyüş müxalifətinin də qarayaxma kampaniyasını aktivləşdirdiyi vaxt Vardanyan məsələsi ilə birbaşa bağlıdır. Məhz Vardanyana hökm oxunması ərəfəsində hibrid hücumların informasiya qanadı Mehman və Emin Hüseynov qardaşları vasitəsilə işə salındı.

Yəni, Hüseynovlar kampaniyanın sadəcə üzdə olan, təqdimatçı tərəfidir. Prosesin arxasında isə Rusiya dayanır.

- Vardanyana hökm oxunması ərəfəsində qarayaxma kampaniyası aktivləşdirilir;

- Vardanyanla yaxın əlaqələri olan İlqar Hacıyev “əsas mənbə” kimi istifadə olunur;

- Mehman Hüseynov təqdim etdiyi “məlumat”ların xarici xüsusi xidmət orqanlarından ötürldüyünü etiraf edir.


Bu faktlar qarayaxma kampaniyasının Hüseynovların fərdi təşəbbüsü deyil, Rusiyanın hibrid hücum planının tərkib hissəsi olduğunu sübuta yetirir. 

Hibrid hücumlarda Lapşin kartı

Rusiya Azərbaycana qarşı qarayaxma kampaniyasında Hüseynov qardaşları ilə yanaşı Aleksandr Lapşindən də istifadə edir. 2016-cı ildə Belarusda saxlanılıb, 2017-ci ildə Azərbaycana ekstradisiya olunan Lapşin həmin dövrdə Rusiyanı onun hüquqlarını müdafiə etməməkdə ittiham edirdi.

Halbuki bunun özü də siyasi şou idi. Həmin vaxt Rusiya səfirliyinin nümayəndələrinin həbsdə onun ziyarətinə gəlməsi, 2022-ci ildə isə blogerin Qarabağın Rusiya sülhməramlılarının nəzarət zonasında olan hissəsinə səfər etməsi bunun bariz sübutudur.

Dörd ildən sonra – Vardanyanın həbsi ərəfəsində Lapşin dövlətimizə və xalqımıza qarşı yenidən destruktiv mövqeyini ortaya qoymağa başlayıb. Bu isə Rusiyanın hibrid hücumlarında sapı özümüzdən olan baltalarla yanaşı, köhnə “peşka”larını da aktivləşdirdiyinin göstəricisidir.

Vaşinqton təxribatı və erməni izi

Fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısındakı təxribat cəhdi də təsadüfi deyil. Onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və açıq dəstək ABŞ-dakı ən iri erməni lobbi təşkilatlarından biri – Armenian National Committee of America-dan (ANCA) gəldi

ANCA ABŞ-da fəaliyyət göstərsə də, Vardanyan, dolayısı ilə Rusiya ilə sıx əlaqələrə malikdir. Vardanyanın erməni lobbisi ilə yaxın əlaqələrini sübut edən faktlar xarici KİV-lərdə dəfələrlə işıqlandırılıb. Hətta “The Troika Landromat” sənədlərində də Vardanyanın erməni lobbisinin layihələrinə on milyonlarla dollar vəsait ayırması öz əksini tapıb. Həmin təşkilatlar arasında Vaşinqton təxribatının təşkilatçısı olan  “Armenian National Committee of America” (ANCA) da var.

Bundan əlavə, ANCA və Rusiya əksər məsələlərdə oxşar mövqedən çıxış ediblər. Xüsusilə də, Paşinyana qarşı mövqe tutmaları, keçmiş separatçılara dəstək, o cümlədən Azərbaycanın artan nüfuzundan narahatlıq kimi məsələlərdə ANCA və Rusiyanın mövqeyi demək olar ki, üst-üstə düşür.

Təzyiq dili işləmir

Göründüyü kimi, müstəqil siyasət kursu, 44 günlük müharibədən sonra yaranmış yeni reallıq, enerji və nəqliyyat layihələri ilə artan qlobal əhəmiyyət, daxildə təsir şəbəkələrinin zəiflədilməsi və prinsipial dövlət mövqeyi – bütün bu faktorlar birlikdə Rusiyanın Cənubi Qafqaz strategiyasını ciddi sınaq qarşısında qoyub.

İnformasiya hücumları bu zəifləmənin əlamətidir.

Lakin təcrübə göstərir ki, Azərbaycan təzyiqə uyğunlaşan yox, təzyiqi neytrallaşdıran model qurub. Dövlət təhlükəsizlik arxitekturasını həm fiziki, həm də informasiya müstəvisində formalaşdırıb.

Bir sözlə, Cənubi Qafqazda artıq yeni geosiyasi reallıqlar mövcuddur. Bu reallığı pozmağa çalışanlar isə uğursuzluğa düçar olmağa məhkumdur.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin