“Olmuşla, ölmüşə çarə yoxdur”
Amma bəziləri XXI əsrdə Şeyx Nəsrullah obrazında meydana atılıb deyirlər ki, ölünü dirildəyəcəyik. Ən qəribəsi odur ki, XXI əsrin şeyx nəsrullahları bu dəfə Şərqdə yox, “inkişaf etmiş” Qərbdə peyda olub. Daha konkret desək, İsveçrədə.
İsveçrə parlamenti Şeyx Nəsrullah obrazında
İsveçrənin bəzi başbilənləri bir araya gəlib, tarixə qovuşmuş qondarma rejimdən danışırlar.
2024-cü ilin dekabrında İsveçrə Parlamenti tarixdə qalmış Qarabağ məsələsi üzrə qətnamə qəbul edib. Qəbul olunmuş qətnamədə Azərbaycanı və Qarabağ ermənilərini “Beynəlxalq Sülh forumuna” dəvət ediblər.
Halbuki həmin tarixdə problem artıq çoxdan, həll edilmişdi. Tarixin arxivinə göndərilmiş bir məsələni yenidən gündəmə gətirmək, “diriltmək” ancaq Şeyx Nəsrullah təfəkkürünün məhsulu ola bilər. Bunun başqa adı yoxdur.
İsveçrənin bu addımına hüquqi prizmadan baxanda daha biabırçı mənzərə ortaya çıxır: Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına qarşı çıxmaq. Baxmayaraq ki, avropalılar, o cümlədən isveçrəli deputatları bütün ölkələrin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət edilmənin vacib olduğunu hər zaman bar-bar bağırırlar.
Elə isə Azərbaycanın suveren hüquqlarına və ərazi bütövlüyünə İsveçrə hökuməti niyə qərəzli yanaşır?!
İsveçrəlilər, doğrudan da, insanlıq naminə iş görmək istəyirlərsə, o zaman Ermənistanın anti-Azərbaycan siyasətinə baxsınlar. Axı, indiki Ermənistan qədim Azərbaycan torpaqlarında yaradılıb. Bu prosesdə milyonlarla azərbaycanlı öz dədə-baba ocaqlarından ən ağır şərtlərlə qovulub. Sonuncu dəfə 1988-1990-cı illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan deportasiya edildi. Getmək istəməyənlər isə insanlığa sığmayan şəkildə cəzalandırıldı.
Hələ ermənilərin Azərbaycan ərazilərində - Xocalıda, Qaradağlıda, Ağdabanda törədilən soyqırımlarını demirik.
Bu cür dəhşətli və insanlığa sığmayan vəhşilikləri isveçrəli deputatlar görmək, bilmək və eşitmək istəmir.
Çünki “erməni həqiqətləri”ni görmələri, bilmələri və eşitmələri üçün isveçrəli parlamentarilər yaxşıca qonorar alıblar. Yoxsa, Şeyx Nəsrullah olmaq onların nəyinə lazım idi...
İsveçrə açıq şəkildə separatizmi dəstəkləyir.
Məlumdur ki, bu məsələ tarixə Ermənistan-Azərbaycan münaqişəsi kimi düşüb. Bununla bağlı hətta BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bakıda erməni əsilli şəxslərin məhkəmədə etdiyi etiraflar da qondarma rejimin Ermənistan tərəfindən işğalı ört-basdır etmək üçün yaradıldığını bir daha təsdiqlədi.
Amma isveçrəliləri bütün bu faktları bir kənara qoyaraq, Azərbaycan hökuməti ilə Qarabağdakı bir ovuc separatçı arasında vasitəçilik etmək istəyirlər.
Əslində isveçrəlilərin “Beynəlxalq Sülh Forumu”nun əsas məqsədi münaqişəni bitməmiş kimi göstərmək idi. Eyni zamanda hədəf Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesini tormozlamaqdır.
Nəzərə alaq ki, İsveçrə hökuməti, parlamenti və hətta İsveçrə QHT-ləri hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edib.
Bu çıxışların siyahısı çox uzundur...
Məslən İsveçrə parlamentində 2025-ci ilin mayında “Swiss Peace Initiative for Nagorno-Karabakh” təşəbbüsü yaradıldı. Bu təşəbbüs keçmişdə qeyri-qanuni qondarma strukturlarla əlaqəli şəxslərə platforma verilməsinə, yəni qondarma siyasi kimliyin beynəlxalq aləmdə tanınmasına xidmət edir. Eyni zamanda, sənəddə erməni əhalisinin “təhlükəsiz qayıdışı” xüsusilə vurğulanır.
İsveçrəli deputatların bu addımı nə beynəlxalq hüquqa, nə də insanlığa sığır. Çünki ermənilər Qarabağdan qovulmayıblar, özləri gedib. Hətta 2020-2023-cü illərdə Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan qanunları ilə yaşayıb, işləmək istəyən mülki şəxslər Qarabağda qala bilər. Bununla bağlı erməni icması ilə bir neçə görüş də keçirildi. Lakin ermənilər xarici qüvvələrin təhriki ilə Qarabağı tərk etdilər. Bu addımla həm ermənilər, həm də xarici qüvvələr zənn edirdi ki, Azərbaycanı təcəvüzkar kimi beynəlxalq alımdə ifşa edəcəklər.
Amma alınmadı...
Ona görə də bəzi Avropa dövlətlərində olduğu kimi İsveçrədə də sonradan müxtəlif təxribatçı hərəkətlər baş verdi.
Nəzərə alaq ki, bu bədnam təşəbbüslərdə İsveçrə parlamentinin deputatı Erix von Tobel xüsusilə fəallıq göstərib.
Erix von Tobel kimdir?
Bu şəxs İsveçrə parlamentində “İsveçrə Sülh Təşəbbüsü”nün aparıcı simalarından biridir. O, açıq şəkildə bəyan edir ki, İsveçrə Qarabağ məsələsini “bağlanmış” hesab etmir və mövzunu beynəlxalq gündəmdə saxlamaq niyyətindədir.
Tobel, Qarabağ ermənilərinin qayıdış hüququnu sülhün əsas şərti kimi təqdim edərək deyir ki, “qayıdış olmadan məsələ bağlanmış sayıla bilməz və bağlanmamalıdır”. Bu da təbii ki, sağlam düşüncənin məhsulu deyil. Bu çıxışdan sonra von Tobel yaxşı halda Şeyx Nəsrullahı, pis halda isə Şeyx Əhmədi xatırladır.
Belə olmasa idi, Tobel bir neçə gün əvvəl qondarma rejimin ofisində separatçıların “prezidenti” vəzifəsini icra edən A.Danielyanla görüşə gəlməzdi. Görüşdə Tobel ilə yanaşı İsveçrə Milli Şurasının digər deputatı E.Altemat və Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının rəhbəri C.Eybneri də iştirak edib. Görüşdə Qarabağ ermənilərin hüquqları, onların qayıdış hüququnun tanınması yolunda aparılan işlər müzakirə edilib. Hətta Tobel qondarma rejimin medalı ilə təltif edilib.
İsveçrə QHT-ləri də Tobeldən geri qalmır...
İsveçrədə ermənilərin müdafiəçiləri təkcə deputatlar deyil. Məsələn, “Christian Solidarity International” insan haqları üzrə beynəlxalq QHT-si tarixə qovuşmuş qondarma rejimlə bağlı absurd təşəbbüslərlə çıxış edir. Onlar məsələni tamamilə kontekstdən çıxararaq dini müstəvidə təqdim edirlər.
Hətta bu QHT-nin saytında ölkələr üzrə layihələrin təsnifatında “Ermənistan-Dağlıq Qarabağ” qeydiyyatı aparılıb. Bu isə onu göstərir ki, sözügedən təşkilat Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı çıxır.
Digər tərəfdən, hazırda nəinki beynəlxalq aləm, hətta Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bütün bunların fonunda hansısa QHT-nin saytında “Dağlıq Qarabağ” yazılması erməniləri ələ salmaqdan başqa bir şey deyil.
Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərin vəkili rolunda
Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən 35 ildə ermənilərin əsas müdafiəçisi kimi çıxış edib. Əslində bu məsələdə isveçrəlilərin də “barmağı” var. Çünki məlumatlı olan hər kəs bilir ki, BQXK beynəlxalq hökumətlərarası humanitar təşkilatdan daha çox İsveçrənin beynəlxalq QHT-sidir. Bu təşkilat uzun illər qanunsuz şəkildə Qarabağda fəaliyyət göstərməklə Azərbaycan suverenliyinə zidd mövqedə dayanıb. Üstəlik, təşkilatın Xankəndidəki ofisi birbaşa İrəvana tabe olub. Halbuki Komitənin bütün dövrlərdə Bakı ofisi olub.
Bu təşkilat 44 günlük müharibədən sonra təxribatçılıq fəaliyyətini daha da genişləndirdi. Qarabağda qalan bir ovuc separatçı birbaşa BQXK-dən maddi dəstək alırdı. Bu təşkilat həm də separatçılarla xarici qüvvələr arasında bir körpü rolunu oynayırdı.
İsveçrənin məqsədi nədir?
Göründüyü kimi, tarixə gömülmüş məsələni müxtəlif səviyyələrdə gündəmə gətirməklə İsveçrə özündən söz etdirmək istəyir. Amma ortaya atılan məsələlər, irəli sürülən təşəbbüslər bir-iki separatçıdan başqa heç kimin marağında deyil.
Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu istiqamətində davamlı addımlar atılır. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra iki ölkə arasında iqtisadi əməkdaşlığa da start verilib. Azərbaycan sülh gündəliyinə uyğun olaraq Ermənistana malların daşınmasına şərait yaradıb, Ermənistana öz benzinini ixrac edir. Yaxın perspektivdə bu əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.
Bütün bunların fonunda hər hansı digər dövlətin, müxtəlif səviyyələrdə təxribat xarakterli təşəbbüsləri isə sülhün deyil, revanşizmin, müharibənin təbliğatıdır.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:00 / 18.02.2026
İsveçrə Azərbaycan-Ermənistan gündəliyinə necə qarşı ÇIXIR? – “Ölü diriltmək” oyununun GİZLİ FİQURLARI
Hazırda oxunan: İsveçrə Azərbaycan-Ermənistan gündəliyinə necə qarşı ÇIXIR? – “Ölü diriltmək” oyununun GİZLİ FİQURLARI
Hazırda oxunan: İsveçrə Azərbaycan-Ermənistan gündəliyinə necə qarşı ÇIXIR? – “Ölü diriltmək” oyununun GİZLİ FİQURLARI
596838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































