Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

Hazırda oxunan: Kovalenko: “Azərbaycanla Ukrayna arasında münasibətlər həmişə yüksək olub”

596357

Ukrayna ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb və kifayət qədər yüksək səviyyədə olub. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Münxen Təhlükəsizlik Konfransı platformasında görüşün keçirilməsi təəccüblü deyil.

Xüsusilə, son beynəlxalq vəziyyət və Ukraynada baş verən hadisələr kontekstində müzakirə ediləcək çox məsələ var idi. Azərbaycan Ukraynanın uzunmüddətli müttəfiqidir və humanitar sahədə Ukraynaya kömək edir, Rusiyanın ölkəmizə tammiqyaslı işğalının ilk günlərindən onu dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynalı politoloq Aleksandr Kovalenko AZƏRTAC-la bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan Ukraynadan qaçqınların qəbuluna və xüsusilə müharibə zonasından olan ukraynalı uşaqların reabilitasiyasına kömək edir.

“Ölkəmizə qarşı energetika terrorizminin başlanğıcında Azərbaycanın dəstəyi çox vacib və həlledici idi. 2022-ci ildən bəri Ukraynanın enerji təchizatını bərpa etməyə kömək edən çoxlu sayda avadanlıq, generator və digər alət göndərilib. Paytaxtın kütləvi düşmən hücumlarına, Ukraynanın şəhər və qəsəbələrinin daim enerji terroruna məruz qaldığı çox çətin, mürəkkəb və bəlkə də ən kritik qış dövründə Azərbaycandan humanitar yardım gəlməyə davam etdi və bu, enerjinin bərpasına kömək oldu”.
 

Politoloq daha sonra qeyd edib: “Əlbəttə, liderlər arasında keçirilən bu görüş çox əhəmiyyətli idi; enerji və humanitar məsələlər müzakirə olundu, müxtəlif məsələlərdə qarşılıqlı dəstək ifadə edildi. Sözsüz ki, bu görüş həm də gələcəyə həsr olunmuşdu. Axı Azərbaycan neft məhsulları və qaz da daxil olmaqla Ukraynaya enerji təchizatında kömək edən bir dövlətdir ki, bu da ölkəmizin enerji müstəqilliyinə doğru gələcək inkişafı və Rusiyanın enerji ehtiyatlarından tamamilə uzaqlaşması üçün çox vacibdir”.


Onun sözlərinə görə, dövlət başçılarının görüşü hər iki tərəf üçün çox mühüm idi və onun açıq-aşkar görünən son dərəcə səmimi bir ab-havada keçdiyini nəzərə alsaq, nəticələrin kifayət qədər yüksək səviyyədə olacağına böyük əminlik yaranır.

A.Kovalenko vurğulayıb: “Əlbəttə, məlum səbəblərdən hazırda nəticələr barədə açıq danışmırıq. Amma əminəm ki, onlar ikitərəfli münasibətlərimizin daha da inkişafına təsir edəcək. Digər məsələlərlə yanaşı, çox əminəm ki, Azərbaycanın Ağ Ev tərəfindən başlanan siyasi tendensiyalarda, eləcə də Avropa İttifaqının özündə artıq baş verən bir sıra digər vacib siyasi prosesdə ciddi iştirakını nəzərə alsaq, siyasi və geosiyasi kontekst məsələləri də qaldırıldı. Buna görə də görüş tamamilə məntiqli və fikrimcə, olduqca məhsuldar keçdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin