Xəbər verdiyimiz kimi, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 28-29 yanvar tarixlərində Çin Xalq Respublikasında səfərdə olub.
Bizim.Media xəbər verir ki, nazir Çinin nüfuzlu "Global Times" nəşrinə müsahibə verib.
Ceyhun Bayramov müsahibədə səfərindən gözləntilərini, eləcə də ikitərəfli münasibətlərə dair fikirlərini bölüşüb.
Nazir vurğulayıb ki, Çinlə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir:
“Azərbaycan Çini özünün mühüm iqtisadi tərəfdaşlarından biri hesab edir. Ölkəmiz nəqliyyat infrastrukturu və tranzit potensialının Çin tərəfindən irəli sürülən bağlantı təşəbbüsləri ilə uzlaşdırılmasına, Şərqlə Qərbi birləşdirən etibarlı marşrut kimi Orta Dəhlizin gücləndirilməsinə strateji əhəmiyyət verir”.
Ceyhun Bayramov Tayvan məsələsi ilə bağlı suala cavab olaraq Azərbaycanın mövqeyini bölüşüb:
“Azərbaycanın Tayvan məsələsinə dair mövqeyi aydın, ardıcıl və beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilmiş qondarma “seçkiləri” pisləyən ilk ölkələrdən biri olmuşuq. Azərbaycan “Vahid Çin” prinsipini birmənalı şəkildə dəstəkləyir”.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan regional çoxtərəfli mexanizmləri, xüsusilə geosiyasi gərginliyin və beynəlxalq sistemdə parçalanmanın artdığı bir dövrdə, dialoq, etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq üçün mühüm platformalar kimi dəyərləndirir.
Ceyhun Bayramov mövcud geosiyasi şəraitdə Çin tərəfindən təklif olunan Qlobal İdarəetmə Təşəbbüsü ilə bağlı (GGI) Azərbaycanın mövqeyini də açıqlayıb.
“Beynəlxalq münasibətlərdə dərin transformasiya şəraitində Azərbaycan güc siyasəti və birtərəfli yanaşmalar əvəzinə beynəlxalq hüququ, çoxtərəfliliyi və əməkdaşlığa əsaslanan təhlükəsizliyi möhkəmləndirən yanaşmaları dəstəkləyir”, - deyə nazir bildirib.
Nazir Orta Dəhlizin inkişaf perspektivlərindən də söz açıb. O qeyd edib ki, Azərbaycanın müasir infrastrukturu – dəmir yolu şəbəkəsi, Xəzər dənizindəki limanları və azad iqtisadi zonaları – regional bağlantıda getdikcə daha mühüm rol oynayır. Azərbaycan tədarük zəncirlərinin dayanıqlılığına və şaxələndirilməsinə töhfə verən etibarlı və sabit tranzit tərəfdaşı kimi tanınır.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:23 / 05.02.2026
Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır”
594623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































