NATO-nun baş katibi Mark Rütte Kiyevə səfəri zamanı Rusiyanın raket hücumuna məruz qalmış mülki istilik elektrik stansiyasını ziyarət etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, sözügedən obyektin heç bir hərbi əhəmiyyəti olmayıb və sırf mülki əhaliyə istilik və elektrik enerjisi təmin etmək üçün istifadə edilib. Rütte vurğulayıb ki, bu cür hücumlar hərbi baxımdan əsaslandırıla bilməz və məqsəd yalnız insanların əzab çəkməsinə səbəb olmaqdır.
“Nə gördüyüm obyekt, nə də onun funksiyası hərbi hədəf sayıla bilərdi. Bu hücumlar insanların həyat üçün zəruri olan istilikdən, işıqdan və təhlükəsizlikdən məhrum edilməsinə yönəlib”, – deyə NATO baş katibi bildirib.
Mark Rütte qeyd edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələr endirməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və xüsusilə qış aylarında mülki əhali üzərində təzyiq göstərmək strategiyasının bir hissəsidir. Onun sözlərinə görə, bu cür hücumlar humanitar vəziyyəti daha da ağırlaşdırır və milyonlarla insan üçün ciddi risklər yaradır.
NATO baş katibi əlavə edib ki, alyans Ukraynaya dəstəyini davam etdirəcək, o cümlədən mülki infrastrukturun bərpası və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində yardımlar göstəriləcək ki, gələcəkdə bu cür obyektlər qoruna bilsin.
Bizim.Media
































































































