Riyaziyyat müəllimi dünyanı necə tora saldı? - Fotolar

Hazırda oxunan: Riyaziyyat müəllimi dünyanı necə tora saldı? - Fotolar

594189

Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı yayımlanan yeni sənədlər tanınmış ictimai xadimlərin adlarının daxil edilməsi ilə mübahisələri dərinləşdirib.

Bu, artıq sadəcə fərdi cinayət işi deyil, həm ABŞ, həm də qlobal mediada güc, cəzasızlıq və şəffaflıq məsələlərinin simvolu kimi gündəmdədir. Epşteynin siyasətçilərdən iş adamlarına qədər geniş əlaqə şəbəkəsi, 2008-ci ildəki mübahisəli etirafı və 2019-cu ildə həbsxanada intihar etməsi işi hər mərhələdə dünyanın diqqət mərkəzində olub.

Yetkinlik yaşına çatmayanlara qarşı sistemli istismar iddiaları, məhkəmə sənədlərinin tədricən açıqlanması, zərərçəkmişlərin ifadələri və dövlət qurumlarının rolu ilə bağlı suallar işi daim inkişaf edən ədalət və hesabatlılıq məsələsinə çevirib.

Bizim.Media “qafqazinfo.az”a istinadla hazırda bütün dünyanın haqqında danışdığı milyarder Ceffri Epşteyn və onun cinayət toru ilə bağlı maraqlı məqamları təqdim edir:

Ceffri Epşteyn kimdir?

20 yanvar 1953-cü ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olan Ceffri Epşteyn sərvətini bank və maliyyə sektorlarında toplayan milyarder idi. Anası evdar qadın, atası isə Nyu-York Şəhər Parklar Departamentində bağban kimi çalışırdı. 1974-cü ildə Epşteyn Manhettendəki Dalton Məktəbində fizika və riyaziyyat fənlərini tədris etməyə başladı. Burada şagirdlərinin əksəriyyəti ölkənin ən varlı ailələrindən idi.

Müəllimlik dövründə aldığı iş təklifini qəbul edərək, dörd il “Bear Stearns” adlı şirkətdə işləyib. 1981-ci ildə isə öz biznesini qurmaq məqsədilə şirkətdən ayrılıb.

1988-ci ildə “Epşteyn J. Epstein & Company” adlı konsaltinq şirkətini yaratdı. Bu şirkət xalis sərvəti 1 milyard dollardan çox olan şəxslərə maliyyə idarəetmə xidmətləri göstərirdi.

Maliyyə uğurundan əlavə, Epşteyn həm də siyasətçilər, tanınmış şəxslər və hətta kral ailələrinin üzvlərini əhatə edən geniş sosial şəbəkə yaratması ilə tanınırdı.

İlk iddia...

Epşteynə qarşı gənc qızlara təcavüz iddiaları ilə bağlı ilk iş 2005-ci ildə qeydə alınıb. “Palm Biç”də bir qadın polisə ögey qızının 14 yaşında ikən böyük bir qız tərəfindən Epşteynin malikanəsinə aparıldığını bildirdi. Bu, dünya ictimaiyyəti tərəfindən təxminən 20 ildir diqqətlə izlənən uşaq istismarı şəbəkəsi işində ilk addım idi.

Federal Təhqiqatlar Bürosunun iştirakı ilə aparılan 11 aylıq ilkin araşdırma zamanı qurbanların bəzilərinin 18 yaşdan kiçik olduğu üzə çıxdı. 2008-ci ildə Epşteyn yetkinlik yaşına çatmayan şəxsləri fahişəliyə məcbur etmək və bu fəaliyyətləri təşviq etməklə bağlı günahını etiraf etdi. O, 2009-cu ilin iyul ayında vaxtından əvvəl azadlığa buraxıldı.

Epşteyn cinayətin təkrarlanması riski yüksək və ictimai təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilməklə 2011-ci ilin noyabrında Nyu-Yorkda 3-cü səviyyəli cinsi cinayətkar kimi qeydiyyata alındı.

Şəbəkə üzə çıxır

İşin əsas fiquru Virciniya Roberts Cuffri idi. O, 2015-ci ildə Epşteinin onu 16 yaşında ikən ətrafındakı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur etdiyini bildirən sənədlər təqdim etdi. Bu, işin istiqamətini kökündən dəyişdirdi və yeni adlar və ifadələrin əlavə olunması ilə Epşteynin geniş yayılmış sui-istifadə şəbəkəsi üzə çıxdı.

6 iyul 2019-cu ildə Nyu-Cersi ştatının Teterboro hava limanında FTB və Nyu-York Polis Departamentinin Uşaqlara Qarşı Cinayətlər üzrə İşçi Qrupu tərəfindən həbs edilən Epştein 10 avqust 2019-cu ildə Manhetten İslah Mərkəzində asılı vəziyyətdə tapıldı.

Bununla heç nə bitmədi…

2024-cü ildə Epşteyn işi ABŞ-də yenidən əsas müzakirə mövzusuna çevrildi.

Yanvar ayında Virciniya Cuffrinin Gisleyn Maksvelə qarşı iddiası ilə bağlı təxminən 950 səhifəlik sənədin açıqlanması Epşteyn şəbəkəsi ilə bağlı müzakirələri yenidən alovlandırdı.

Sənədlərdə çoxsaylı tanınmış şəxslərin adları yer alsa da, məhkəmə onu “müştəri siyahısı” hesab etmədi.

Həmin il Epşteyn qurbanları tərəfindən FTB-yə qarşı məhkəmə iddiası qaldırıldı və 2006-cı ildə Florida ştatında keçirilən böyük münsiflər heyətinin transkriptlərinin açıqlanması dövlət qurumlarının Epşteyn haqqında əvvəlcədən nə bildiyi və niyə effektiv tədbir görmədiyi ilə bağlı yeni suallar doğurdu.

2025-ci ilədək Epstein işi, əsasən, ABŞ Konqresi ilə Ədliyyə Nazirliyi arasındakı gərginlik səbəbindən diqqət mərkəzində qaldı. Noyabr ayında qəbul edilən Epşteyn Fayllarının Şəffaflığı Qanunu Nazirliyi Epşteynlə bağlı bütün sənədləri ictimaiyyətə açmağa məcbur etdi.

Maksvel və Marçinko

Gisleyn Maksvel Epşteynin uşaq istismarı şəbəkəsində əsas fiqur olub. İddialara görə, o, Epşteynə yetkinlik yaşına çatmayan qızları təqdim edən şəxs idi. Həbs olunduqdan sonra yetkinlik yaşına çatmayan şəxsin cinsi istismarı da daxil olmaqla, altı ittihamdan beşində təqsirli bilinib.

Maksvel varlı və nüfuzlu bir ailədən gəlir. Atası Robert Maksvel 1970-1980-ci illərdə böyük media maqnatı olub. Gisleyn 1961-ci ildə Fransanın şimalındakı Maisons-Laffitte şəhərində doqquz uşağın ən kiçiyi olaraq dünyaya gəlib.

O və bacı-qardaşları Oksfordda böyüyüb, atalarının “Pergamon Press” nəşriyyat şirkətinin qərargahında varlı həyat sürüblər. 1991-ci ildə atası “New York Daily News” qəzetini satın aldıqda, Gisleyn qəzetin təmsilçisi kimi ABŞ-yə köçdü və Manhettenin sosial həyatına daxil oldu.

Maksvelin Epşteynlə 1990-cı illərin əvvəllərində başlayan münasibəti illərlə davam etdi və onu Epşteynin uşaq istismarı işində əsas fiqura çevirdi. Maksvel on il ərzində yetkinlik yaşına çatmayan qızların istismarı şəbəkəsindəki “rolu”na görə 240 ay həbs cəzasına məhkum edildi. O, hazırda Floridadakı Federal İslah Müəssisəsində saxlanılır.

Nadya Marçinko, ya da Nada Marçinkova işdə digər əsas şəxs hesab edilir. İddialara görə, Epşteyn tərəfindən 2001-ci ildə, cəmi 15 yaşında ikən Slovakiyadan ABŞ-yə aparılıb. Digər zərərçəkənlərin ifadələrinə görə, Marçinko Epşteyn tərəfindən “seks köləsi” adlandırılırdı. O, “Aviloop MMC” adlı şirkətin təsisçisidir. Bəzi mənbələrdə Marçinkonun Epşteynin adasına sərnişin daşıyan təyyarəni idarə etdiyi deyilsə də, bu, dəqiq məlum deyil.

Dekabrda yayımlanan sənədlərdə Marçinkonun adı istismar şəbəkəsi ilə əlaqələndirilib, lakin sənədlər yayımlandıqdan sonra o yoxa çıxıb. Vəkil Ketrin Ezell iddia edir ki, Marçinko 17 avqust 1999-cu il zəlzələsindən sonra Türkiyədən qızları ABŞ-yə qaçırıb. Lakin bu iddialar parlamentin gündəliyinə gətirilsə də, Marçinkonun susmaq hüququndan istifadə etməsi səbəbindən cavabsız qalıb.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, Demokrat Robert Qarsiya bütün sənədlərin açıqlanmamasını “ağlasığmaz və son dərəcə narahatedici” adlandırıb. O, Baş prokuror Pam Bondini qurbanları qorumağa və bütün sənədləri Komitəyə təqdim etməyə çağırıb.

Sensasiyalı sənədlərdə yeni adlar

İlon Mask

Sənədlərə görə, amerikalı milyarder İlon Mask 2013-cü ildə Epşteynə e-poçt göndərərək, Karib dənizindəki adalara səfər etmək istədiyini bildirib. Epşteyn cavab olaraq Yeni ilin başlanğıcında 1-8 yanvar arası istənilən günün onun üçün uyğun olduğunu bildirib.

CNN yazır edir ki, Maskın adaları ziyarət edib-etmədiyi məlum deyil, lakin yazışmalar “əvvəllər açıqlanmayan ünsiyyət səviyyəsini” göstərir. Mask daha əvvəl iddiaları rədd edərək, “Epşteyn məni adasına aparmağa çalışdı, amma imtina etdim” demişdi.

30 yanvarda ABŞ Baş prokurorunun müavini Todd Blanş 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb. Qeyd edilir ki, Epşteyn Karibdəki “Kiçik” və “Böyük Müqəddəs Ceyms adaları”nı cinsi istismar və fahişəlik şəbəkəsi üçün istifadə edib və bu adalar ictimaiyyətdə “Epşteynin Karib cinayət adaları” kimi tanınıb.

Bill Qeyts

Sənədlərdə bəzi e-poçtlarda Qeytsin “rus qızları” ilə əlaqələri və həyat yoldaşı Melindadan cinsi yolla keçən xəstəliyi gizlətməyə çalışdığı iddia edilir. Qeytsin sözçüsü BBC-yə açıqlamasında iddiaların “əsassız və absurd” olduğunu bildirib və onun ittihamlarla əlaqəsi olmadığını qeyd edib. Sözçü e-poçtların Epşteynin uydurması olduğunu vurğulayıb.

Şahzadə Endryu

Epşteynlə bağlı açıqlanan yeni sənədlərə Böyük Britaniyada “Şahzadə” titulundan məhrum edilən Endryu Mauntbatten-Vindzorun fotoşəkilləri və elektron poçt yazışmaları daxil edilib.

Todd Blanş 3 milyondan çox yeni sənədin yayımlandığını açıqladıqdan sonra diqqət çəkən materiallar arasında keçmiş şahzadənin fotoları da olub.

BBC yazır ki, bir fotoda Endryu yerdə uzanan tam geyimli qadının qarnına toxunur, digər fotoda isə eyni qadın birbaşa kameraya baxır. Fotoların çəkildiyi yer və vaxt dəqiq məlum deyil.

Sənədlərdə həmçinin göstərilir ki, Epşteyn Endryunu 26 yaşlı rus qadınla şam yeməyinə dəvət edib.

“The Guardian” qəzeti iddia edir ki, sənədlərə görə, keçmiş şahzadə ev dustaqlığından sonra Epşteyni Bukinqem Sarayında görüşə dəvət edib. Epşteyn 2010-cu ildə elektron poçtla yazıb:

“Buraya, BP-yə gəlsəniz, çox məmnun olaram. İstədiyiniz şəxslə gəlin, mən saat 16:00-dan 20:00-dək burada olacağam”. “BP” ifadəsinin Bukinqem Sarayı olduğu bildirilir.

Böyük Britaniya Baş naziri Kir Starmer jurnalistlərə bildirib ki, Endryu ABŞ Konqresi qarşısında ifadə verməli olacaq.

Keçmiş şahzadə Endryu Epşteynin qurbanı Virciniya Cuffrini cinsi istismar etməkdə ittiham olunub, amma bütün iddiaları rədd edib. 2025-ci ilin oktyabrında Cuffrinin kitabının nəşrindən sonra Endryu lral ailəsini narahat edən iddialar səbəbilə “Şahzadə” titulundan başqa bütün rütbələrindən və mükafatlarından imtina edəcəyini açıqlayıb.

Kral Çarlz qardaşının “Şahzadə” titulunu saxlayaraq, onu “Endryu Mauntbatten-Vindzor” kimi tanıdıb.

Avropanın kral ailələrinin Epşteynlə əlaqələri 

Yeni sənədlərdə Norveç, Danimarka və İsveç kral ailələrinin adları da üzə çıxıb.

Belə ki, Norveçin vəliəhd Şahzadəsi Mette-Maritin adı yeni sənədlərdə yüzlərlə dəfə yer alıb. 2011-ci ildəki elektron poçt yazışmasında şahzadə Epşteynin adını internetdə axtardığını paylaşırdı. Mette-Marit Norveç mediasına bildirib ki, Epşteynin keçmişini yaxşı araşdırmadığı üçün məsuliyyət daşıyır və əlaqəyə görə peşmandır. Şahzadə əlavə edib ki, 2013-cü ildə əlaqəni kəsib, lakin 2014-cü ildə Floridada onunla görüşüb.

Yeni sənədlərdə Danimarka Kralı Frederik və İsveç Şahzadəsi Sofiyanın adları da yer alıb. Danimarka Kralı bildirir ki, heç vaxt Epşteynlə görüşməyib, lakin sənədlərdə qeyd olunur ki, o, şahzadə ikən Epşteynin iş yoldaşlarından biri ilə görüşüb. İsveç mediası isə Şahzadə Sofiyanın 2012-ci ildə Nyu-Yorkda Epşteynin xüsusi qonağı olduğunu qeyd edib. İsveç Kral Sarayı əvvəlcədən bildirib ki, Sofiyanın Epşteynlə görüşləri 2005-ci ildə olub, son 20 ildə isə heç bir təmas olmayıb.

Baş nazirin yaxını olmaq da onu xilas etmədi...

Slovakiya Baş naziri Robert Fitsoya yaxın olan xarici işlər və milli təhlükəsizlik üzrə müşavir Layçakın adı da sənədlərdə yer alıb. Yazışmalarda Layçak Epşteynlə şəxsi söhbətlər aparır, “qadınlar və geosiyasi məsələlər” barədə danışır. Layçak iddiaları rədd edib və qadınların söhbətin bir hissəsi olmadığını bildirib. Sənədlərin açıqlanmasından sonra müxalifət Layçakın istefasını tələb edib və Layçak Fitsoya istefa ərizəsini təqdim edib. Fitso onun istefasını təsdiqləyib və bu addımı onun diplomat kimi önəmini göstərməsi kimi qiymətləndirib.

Sənədlərdə Hindistan Baş naziri Narendra Modinin adı da yer alıb. 9 iyul 2017-ci il tarixli sənəddə Modinin ABŞ Prezidenti üçün İsraildə rəqs etdiyi və mahnı oxuduğu qeyd olunur. Hindistan hökuməti bu açıqlamaları “məhkum edilmiş bir cinayətkarın dəyərsiz düşüncələri” kimi qiymətləndirib. 2017-ci ilin iyulundakı səfər Modi üçün İsrailə ilk rəsmi səfər olub və iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.

“Heç vaxt Epşteynin adasına getməmişəm”

ABŞ Prezidenti Donald Tramp Epşteyn istintaqı ilə bağlı açıqlanan 3 milyondan çox sənədin ona qarşı heç bir dəlil təqdim etmədiyini iddia edib.

Tramp qeyd edib ki, sənədlərdə jurnalist Maykl Volfun Epşteynlə birlikdə ona siyasi zərər vurmaq üçün hərəkət etdiyi göstərilir:

“Mən bunu özüm görməmişəm, amma bəzi vacib insanlar bildirdi ki, bu, məni təkcə təmizə çıxarmır, həm də radikal solçuların istədiklərinin əksini təsdiqləyir. Volfu və lazım gələrsə, Epsteynin mirasını məhkəməyə verə bilərlər”.

Sosial media hesabında açıqlama verən Tramp bildirib ki, onun Epşteynlə dostluğu olmayıb və Ədliyyə Nazirliyinin açıqladığı sənədlər göstərir ki, Epşteyn və jurnalist Maykl Volf ona qarşı sui-qəsd planlaşdırıblar:

“Mən heç vaxt Epşteynin adasına getməmişəm, amma demək olar ki, bütün əyri Demokratlar və onların donorları oraya gediblər”.

Yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun da adı yer alıb. Sənədlərə görə, Epşteyn Makronun bir çox məsələdə ondan kömək istədiyini iddia edib.

2018-ci il 17 sentyabr tarixli elektron poçtda Epşteyn Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendeyə yazıb ki, Makron sosial-iqtisadi və idarəetmə məsələlərində innovativ yanaşmalar axtarır. 30 avqust 2018-ci il tarixli elektron poçt mübadiləsində Epşteyn Makronu “Avropaya, bəlkə də, dünyaya rəhbərlik etmək istəyən biri” kimi təqdim edib.

Vaşinqtondakı keçmiş səfir Lord Peter Mandelson isə Epşteynlə əlaqələri ilə bağlı yeni iddialardan sonra Leyborist Partiyasından istefa verib. Mandelson istefa məktubunda bildirib ki, yenilənmiş iddialar səbəbilə “daha çox xəcalət çəkmək istəmir” və buna görə partiyadan ayrılır. O, 20 il əvvəl ona edilən, lakin xatırlamadığı maliyyə ödənişləri ilə bağlı iddiaların araşdırılmalı olduğunu qeyd edib.

“Səsləri daha əvvəl eşidilməli olan qadınlar və qızlardan bir daha üzr istəyirəm”, - o qeyd edib.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni sənədlər göstərir ki, Epşteyn 2003 və 2004-cü illərdə Mandelsona üç ayrı əməliyyatla toplam 75 min dollar ödəyib. Hər biri 25 min dollar olan ödənişlərin Epşteynin bank hesablarından göndərildiyi iddia olunur.

Mandelson sənədlərin dəqiqliyindən əmin olmadığını, lakin onu tanıdığı və 2008-ci il məhkumluğundan sonra əlaqələrini davam etdirdiyinə görə peşman olduğunu bildirib.

“Sizə bir və ya iki kiçik körpə gətirə bilərəm. Qız, yoxsa oğlan?”

Publisist Piqqi Siqal Epşteynə e-poçt göndərərək, Keniyanın paytaxtı Nayrobiyə səyahət etmək üzrə olduğunu bildirib:

“Başqa bir həyat təcrübəsi üçün sizə nə qədər təşəkkür etsək, azdır. Maasai döyüşçüləri bizi yeməsə, Somali piratları yeyəcək. Sizə bir və ya iki kiçik körpə gətirə bilərəm. Qız, yoxsa oğlan? Lap Madonna kimi”.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında sənədli filmin rejissoru Brett Retnerin Epşteynlə çəkilmiş fotoşəkilləri də sənədlərdə yer alıb. Şəkillərdə Retnerin divanda oturaraq, Epşteyn və şəxsiyyətləri gizli saxlanılan iki qadını qucaqladığı görünür. Həm Siqal, həm də Retner mövzu ilə bağlı şərh verməyib.

Sənədlərdə 2016-cı ildə keçmiş İsrail Baş naziri Ehud Barakın Epşteynə ABŞ Prezidenti Trampla İsrail mətbuatı üçün müsahibə təşkil etmək barədə yazdığı e-poçt yer alıb.

11 yanvar 2012-ci il tarixli sənəddə Rusiya Dövlət Dumasının üzvü İlya Ponomaryevin “Prezidentə qarşı üsyanın əsas təşkilatçılarından biri” olduğu və “Putini əvəz edə biləcəyi” iddia olunurdu. Ponomaryev 2016-cı ildə Ukraynadan yaşayış icazəsi alıb və 2019-cu ildə Ukrayna vətəndaşı olub.

“Zelenski kömək istəyir”

Yeni açıqlanan Epşteyn sənədlərində Ukrayna Prezidenti Volodimir Zelenskinin də adı keçir. 2019-cu ildə alınan bir elektron poçtda qeyd olunub:

“Zelenski kömək istəyir. Putin Zelenskinin israillilər tərəfindən idarə olunduğunu söyləyərək alçaldıcı davranır”.

Yeni Epşteyn sənədlərində Klintonun komandası ilə Gisleyn Maksvel arasında elektron poçt yazışmaları da yer alıb.

Yazışmaların təhlili göstərir ki, Klintonun komandası Epşteynin şəxsi təyyarəsində ən azı 16 dəfə səyahət edib və tez-tez Epşteyn və Maksvel də onları müşayiət edib. Bəzi uçuşlar beynəlxalq səfərlər üçün çoxsaylı dayanacaqlarla həyata keçirilib.

Hesabatda qeyd olunur ki, komandadakı işçilərin adları elektron poçtlarda silinib və göndərən/alan sahələrində yalnız “WJC” yazılıb. Bunun Klintonun prezidentlikdən sonrakı ofisinə, yəni “William J. Clinton”a aid olduğu iddia edilir.

Yazışmaların əksəriyyəti səyahət və şam yeməyi təşkilatı ilə bağlıdır. Bəzilərində isə əxlaqsız ifadələr yer alıb. 2003-cü ilin aprelində göndərilən elektron poçtda Maksvel yazıb:

“Şam yeməyinə gəldiyiniz üçün şadam. Ceffri Epşteyn Klintonun da gəlmək istəyib-istəmədiyini soruşur. Mənə bildirin”.

2001-ci ilin dekabrında isə Klintonun komandası Maksveldən Şotlandiyaya qolf səfəri üçün Şahzadə Endryunun telefon nömrəsini istəmişdi. Digər yazışmalarda Maksvell Klintonun işçisinə uyğunsuz ifadələr göndərib.

Sənədlərdə Maksvelin birbaşa Klintona e-poçt göndərdiyi və ya Klintonun ona cavab yazdığına dair heç bir sübut yoxdur.

Sənədlərdə adı çəkilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İsveç nümayəndəsi Coanna Rubinşteyn vəzifəsindən istefa verib. UNHCR-in İsveç üzrə Kommunikasiya məsulu Ulrika Belin bunu təsdiqləyib.

Rubinşteyn bildirib ki, Epşteynlə yalnız bir dəfə görüşüb:

“Ailəmlə tətildə idik və Epşteyn bizi dəvət etmişdi. Bu, sosial tədbir idi və mənim onunla ilk və yeganə görüşüm oldu”.

Yeni sənədlər Rubinşteynin 2012-ci ildə Epşteynlə elektron poçt yazışmalarını da ortaya çıxarıb.

“Cənnət məkanında gözəl nahar üçün təşəkkür edirəm. Nəhayət, sizinlə şəxsən görüşməkdən məmnun oldum”, - Rubinşteyn yazıb.

Prezident üçün rus model...

Yeni açıqlanan sənədlərdə Cənubi Afrika Respublikasının keçmiş Prezidenti Ceykob Zumanın adı da yer alıb. Sənədlərə görə, Zuma 2010-cu ildə Böyük Britaniyaya rəsmi səfəri zamanı Epşteynlə şam yeməyində görüşüb.

Epşteynin yaxın adamı Mark Lloydun 5 mart 2010-cu il tarixli elektron poçtunda qeyd olunub:

“Məndən sabah axşam “Ritz” hotelində CAR Prezidenti Ceykob Zuma üçün kiçik bir şam yeməyi təşkil etməyim xahiş olunub”.

Yazışmada şam yeməyinə rusiyalı model dəvət etmək və Epşteynin təşkilatçılıqda iştirak etməsi də qeyd olunur.

ABŞ Ədliyyə Nazirliyi bəzi Epstein sənədlərində yetkinlik yaşına çatmayan qızlar haqqında həssas məlumatların yer aldığını əsas gətirərək bu sənədləri müvəqqəti olaraq ictimaiyyət üçün bağlayıb. Bildirilib ki, sənədlərin müvəqqəti silinməsi qurbanların məxfiliyini qorumaq məqsədi daşıyır.

Yeni sənədlərdə adı çəkilən məşhurlar arasında ABŞ Prezidenti Donald Tramp, keçmiş Prezident Bill Klinton, İsrailin keçmiş Baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Dershovitz, Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson, prodüser Keyt Blanşett, aktrisa Kameron Diaz, aktyor Leonardo DiKaprio, York hersoqu Endryu və başqalarının adları var.

Epşteynin “pedofil adası”

ABŞ-nin Vircin Adalarında yerləşən və “Pedofil adası” kimi tanınan ərazi iki adadan ibarətdir: “Kiçik Müqəddəs Ceyms” və “Böyük Müqəddəs Ceyms”. İddialara görə, bu adalar Epşteynin şəxsi sığınacağı olmaqla yanaşı, onun beynəlxalq cinsi alver şəbəkəsinin mərkəzi funksiyasını da daşıyıb.

2019-cu ildə Epşteynin Manhetten həbsxana kamerasında intihar etməsindən sonra adalar əvvəlcə ABŞ Vircin Adaları ilə Epşteynin əmlakı arasında hüquqi mübahisənin predmetinə çevrildi. Nəhayət, adaların satışına razılıq verildi və 2023-cü ilin mayında iki ada milyarder Stiven Dekoff tərəfindən 60 milyon dollara alındı. Dekoff “Black Diamond Capital Management” özəl kapital firmasının təsisçisidir və on ildən çoxdur ki, Vircin Adalarında yaşayır. Hazırda adalarda 25 yataq otaqlı, beşulduzlu lüks kurort inşa edilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin