Tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirildi - FƏRMAN

Hazırda oxunan: Tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirildi - FƏRMAN

593246

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
 

Dəyişikliyə əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeyli miqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Həmçinin, layihəyə əsasən, mədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar müəyyənləşir.

Belə ki, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Sənəddə mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilməsi də nəzərdə tutulur.

Belə ki, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat (hazırkı cərimə: 1 500 manat) məbləğində, vəzifəli şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində, hüquqi şəxslər 20 min manat (hazırkı cərimə: 10 min manat) məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.

Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.
 

Eyni zamanda Mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.


Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda ("az miqdarda" dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat (hazırkı cərimə: 200 manat) məbləğində, vəzifəli şəxslər 1 500 manat (hazırkı cərimə: 500 manat) məbləğində, hüquqi şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində cərimə ediləcək.

Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin