Azərbaycan Sülh Şurasının təsisçi üzvü KİMİ – Qlobal təhlükəsizlik çağırışları fonunda ölkəmizin ARTAN ROLU

Hazırda oxunan: Azərbaycan Sülh Şurasının təsisçi üzvü KİMİ – Qlobal təhlükəsizlik çağırışları fonunda ölkəmizin ARTAN ROLU

591923

Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması Prezident İlham Əliyev tərəfindən aparılan balanslı, prinsipial və məsuliyyətli xarici siyasətin beynəlxalq səviyyədə qəbul və etiraf edildiyini göstərən mühüm siyasi hadisədir.
 

Bu dəvət ilk növbədə Azərbaycan-ABŞ münasibətlərinin qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq əsasında inkişaf etdiyini, Rəsmi Bakının regional və qlobal gündəmdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.


Son dövrdə ABŞ-nin təşəbbüsü ilə gündəmə gələn bu format qlobal təhlükəsizlik çağırışları fonunda daha çevik və siyasi dialoqa əsaslanan mexanizmdir. Bu baxımdan, şuraya yalnız etimad doğuran, regional proseslərdə real çəkisi olan dövlətlərin dəvət edilməsi təsadüfi deyil.

Azərbaycanın təsisçi üzv kimi bu platformada yer alması ölkənin təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülh və sabitliyə töhfə vermək potensialının tanınması deməkdir.

Azərbaycan öz təcrübəsində münaqişədən sonrakı bərpa, reinteqrasiya və regional əməkdaşlıq modellərini uğurla nümayiş etdirib. Bu praktiki yanaşma beynəlxalq müstəvidə ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biridir.
 

Bu dəvət həm də Azərbaycanın beynəlxalq siyasətdə konstruktiv və təşəbbüskar rolunu ön plana çıxarır. Azərbaycan uzun illərdir ki, dialoqa, qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edir. Sülh Şurası kimi platformada iştirak bu xəttin davamı olaraq Azərbaycanın sülh gündəliyinə sadiqliyinin növbəti təsdiqidir.


Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi dəvət edilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş imicinin və sülhün təşviqinə verdiyi töhfələrin məntiqi nəticəsidir. Bu addım Azərbaycanın həm regional, həm də qlobal miqyasda sabitlik və təhlükəsizlik gündəliyində mühüm aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin