“Xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir” – FOTO

Hazırda oxunan: “Xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir” – FOTO

591859

Xəbər verdiyimiz kimi, yanvarın 20-də Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

Bizim.Media xəbər verir ki, tədbirdə Dövlət başçısı və “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Conson arasında maraqlı dialoq yaşanıb.

Həmin dialoqu təqdim edirik:

Cenni Conson: Cənab Prezident, Sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, Siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?

Prezident İlham Əliyev: Bəli. Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu tədbir artıq təqvimə salınıb. Beləliklə, hər il bizdə azı bir tədbir - ya Dünya çempionatı, ya da Avropa çempionatı keçiriləcək. 

Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu. Bu rəqəm COVID-dən əvvəl davamlı olaraq artırdı. COVID hər şeyi məhv etdi. İndi yenidən artır. Bu, ölkənin təqdimatı idi, çünki bu, şəhər halqası idi. Necə deyərlər, şəhər ətrafında idi, tarixi hissələr, müasir hissələr.

İndi Şahdağda Dünya çempionatı Azərbaycanın qış təqdimatı olacaq. Yeni hotellərin, yeni obyektlərin tikilməsini nəzərə alsaq, ümidvaram ki, bir çox insan xizək sürmək üçün bu məkanı seçəcək. Bu gün yamacların uzunluğu artıq 45 kilometrdir, iki-üç ilə 55 kilometr olacaq. Sözsüz ki, İsveçrə ilə müqayisə oluna bilməz. Lakin bizim regionumuzda ən böyük və ən rahat xizək kurortlarından biri olacaq. 

Bildiyimiz kimi, biz xizəkçilər üçün ən mürəkkəb hissə ondan ibarətdir ki, avtobusa minirsən, stansiyaya çatırsan, kabinəyə daxil olursan, 15 dəqiqə gözləyirsən ki, səni yamaca aparsın. Siz Şahdağda birbaşa hoteldən xizəklə düşə bilərsiniz. Siz minimum 30 dəqiqəyə qənaət edirsiniz və bu, sizi daha çox sevindirir. Bunu xatırlatdığınıza görə təşəkkür edirəm. Mənə bu barədə auditoriyanı məlumatlandırmaq imkanı verdi. Bir daha Şahdağa xoş gəlmisiniz!

Cenni Conson: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Yeri gəlmişkən, biz razılaşdıq ki, birlikdə xizək sürək.




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin