QHT-lər erməni vəhşiliyi ilə bağlı UNESCO-nun Baş direktoruna müraciət etdi

Hazırda oxunan: QHT-lər erməni vəhşiliyi ilə bağlı UNESCO-nun Baş direktoruna müraciət etdi

59176

Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən konfransda Azərbaycanın QHT rəhbərləri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, müracətdə deyilir:

"Biz, QHT nümayəndələri, bir neçə dəfə UNESCO-ya müraciət edərək Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında sizə məlumat vermişik.

Məhz Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir.

Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.UNESCO-ya ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda

yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib.
 

Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.


Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Məhz bütün bunları əsas gətirərək biz Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik.

Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olub.

Lakin 4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcəkdir.

Bu xəbər bizi ruhlandırdı və sizə növbəti müraciəti ünvanlamağa təkan verdi.

Ümidvarıq ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin