Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

Hazırda oxunan: Şeyx Zayed Mükafatı: Qələbəni davamlı sülhə çevirən liderliyə verilən YÜKSƏK DƏYƏR

591663

Son beş ildə Azərbaycanın keçdiyi yol müasir beynəlxalq münasibətlər tarixində nadir rast gəlinən presedentlərdən biridir. Ölkəmiz eyni zaman kəsiyində həm döyüş meydanında mütləq qələbə qazanan, həm də bu qələbəni diplomatik və hüquqi müstəvidə davamlı sülhə çevirən dövlət kimi tarixə adını yazdırdı. Bu reallıq Azərbaycanın yalnız regional güc deyil, eyni zamanda beynəlxalq təhlükəsizlik və sülh gündəliyinə töhfə verən dövlət olduğunu sübuta yetirdi.

Məhz bu strateji və qətiyyətli yanaşmanın nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Bu mükafat bütövlükdə Prezident İlham Əliyevin seçdiyi inkişaf və sülh modelinin qlobal miqyasda təsdiqi, təqdiridir.

Hərbi qələbənin hüquqi və siyasi tamamlanması

Tarix göstərir ki, müharibədə qalib gəlmək hələ yekun uğur demək deyil. Əsas sınaq qələbədən sonrakı mərhələdə başlayır. II Dünya Müharibəsindən sonra dünyada Qarabağ münaqişəsindən başqa heç bir savaşın mütləq qalibinin olmaması bunun əyani sübutudur.

Qeyd etdiyimiz kimi, 2020-ci ildə başa çatan 44 günlük Vətən müharibəsi bu baxımdan unikal nümunədir. Qazandığı tarixi Zəfər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini real gücə çevirdi. Otuz ilə yaxın kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri faktiki olaraq icra olundu. Bununla da Azərbaycan İkinci Dünya Müharibəsindən sonra nadir hallarda müşahidə edilən tam və mütləq hərbi qələbəyə imza atdı.

Müharibədən sonrakı illərdə həyata keçirilən lokal hərbi əməliyyatlar və 2023-cü ilin sentyabrında baş tutan antiterror tədbirləri Azərbaycanın öz suveren ərazisində “boz zonalar”a yol verməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Qısa müddətdə və yüksək peşəkarlıqla icra edilən əməliyyat nəticəsində separatçı silahlı strukturlar tam zərərsizləşdirildi, qondarma rejim özünü buraxdı. 

Bu prosesin diqqətçəkən tərəfi onun hüquqi çərçivədə aparılması oldu. Separatçı liderlərin məsuliyyətə cəlb edilməsi hüququn aliliyinə əsaslanan dövlət yanaşmasının ən böyük təzahürü idi. Bu yanaşma Azərbaycanın sivil və hüquqa söykənən idarəetmə modelini bir daha təsdiqlədi.

Revanşizm cəhdlərinə sarsıdıcı zərbə

44 günlük müharibənin başa çatmasından sonra Ermənistanın hələ də revanşist ritorikadan imtina etmədiyi görünürdü. Üstəlik, regionu yeni qarşıdurmaya sürükləmək istəyən xarici dairələrin fəallaşması bu mərhələdə əsas risklərdən idi. Belə ki, bəzi güclər regionda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir, yenidən münaqişəni alovlandırmağa çalışırdılar. 

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti məhz bu risklərin qarşısını aldı. Azərbaycan heç bir təzyiq və təxribat fonunda geri çəkilmədi, öz iradəsini ortaya qoyaraq regional sülh gündəliyinin əsas müəllifinə çevrildi. 

Diplomatiya çərçivəsində ardıcıl, qətiyyətli addımlar atıldı. İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ilə hərb meydanında əldə olunan zəfərlər, diplomatiya masasında qazanılan qələbələrlə məntiqi nəticə qazandı.

Vaşinqton razılaşması: sülhün siyasi möhürü

2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın tarixi Zəfərinin diplomatik müstəvidə təsdiqi oldu. Ağ Evdə sülh sazişinin paraflanması ilə onilliklər boyu davam edən münaqişəyə siyasi nöqteyi-nəzərdən nöqtə qoyuldu. Bu razılaşma bir daha göstərdi ki, Bakı yalnız döyüş meydanında deyil, diplomatiyada da diktə edən tərəfdir.

Ən vacib məqam isə ondan ibarət idi ki, Azərbaycan bu qələbəni qarşı tərəfi təcrid etməklə deyil, region üçün inklüziv inkişaf və əməkdaşlıq gündəliyi təklif etməklə möhkəmləndirdi.

Azərbaycanın qələbə formulu

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan postmünaqişə strategiyası “qalibin məsuliyyəti” prinsipinə əsaslandı. “Böyük Qayıdış” Proqramı, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, regional nəqliyyat və logistika layihələri Azərbaycanın müharibəni mülki tərəqqiyə çevirmə bacarığını nümayiş etdirdi.

Bu model bir daha sübut etdi ki, əsl liderlik yalnız müharibə aparmaq bacarığı ilə yekunlaşmır, həm də sülh qurmaq iradəsidir. Azərbaycanın təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirməyi hədəfləyir.

Şeyx Zayed Mükafatı: qlobal dəyərin tanınması

Qeyd edək ki, Şeyx Zayed Fondu tərəfindən təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, tolerantlıq və xalqlar arasında etimadın möhkəmləndirilməsinə töhfə verən liderlərə verilir. Bu mükafata layiq görülmüş şəxslər sırasında BMT Baş katibi, dövlət başçıları, dini və ictimai liderlərin yer alması onun beynəlxalq nüfuzunun göstəricisidir.

Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın gücə söykənən ədaləti humanizm və dialoqla tamamlayan dövlət kimi qəbul edildiyini göstərir. Bu, ölkəmizin yalnız regional deyil, qlobal miqyasda sülh qurucusu kimi tanınmasının rəmzidir.

Azərbaycanın son illərdə keçdiyi yol sübut etdi ki, beynəlxalq hüququn bərpası yalnız bəyanatlarla deyil, güclü iradə və strateji baxışla mümkündür. Prezident İlham Əliyevin liderliyi ilə əldə olunan mütləq Qələbə sülhə çevrildi, sülh isə beynəlxalq səviyyədə təqdir olundu.

Məhz bu səbəbdən “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin timsalında Azərbaycanın seçdiyi yolun – gücdən doğan ədalətin, ədalətdən doğan sülhün və sülhdən doğan humanizmin qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin