Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, müşavirədə nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Müşavirədə daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad olunmuş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçidin qarşısının alınması sahəsində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.
Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.
Müşavirədə beynəlxalq əhəmiyyətli idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkar fəaliyyəti xüsusi qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə keçirilən mötəbər idman turnirləri, beynəlxalq forumlar və digər irimiqyaslı tədbirlər zamanı ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Müşavirəyə yekun vuran nazir ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. O, şəxsi heyətin qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib.


Bizim.Media





























































































