Ermənistan kütləvi məzarlıqların yerləri barədə məlumatları təqdim etməyə borcludur – RƏSMİ BAKI

Hazırda oxunan: Ermənistan kütləvi məzarlıqların yerləri barədə məlumatları təqdim etməyə borcludur – RƏSMİ BAKI

59158

"Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana tərəfinə təqdim etməyə borcludur”.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib.

“Bir daha vurğulamaq istərdik ki, cari ilin 4 fevral tarixində Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün gündəliyində duran əsas məsələlərdən biri məhz humanitar məsələlər olub. 

Bununla əlaqədar, Azərbaycan Prezidenti tərəfindən birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyi barədə məlumat verilməsi və onların basdırıldığı kütləvi məzarlıqların yerlərinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyi diqqətə çatdırılıb və bu məsələyə Fransa və Avropa İttifaqı Şurasının prezidentləri tərəfindən dəstək ifadə olunub. 

İtkin düşmüş 4000-nə yaxın Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsinə görə məsuliyyət daşıyan Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə vəd verib.

Azərbaycanın tərəfinin atdığı humanist addımların nəticəsi olaraq 1708 erməni hərbi qulluqçunun cəsədinin tapılaraq qarşı tərəfə təhvil verilməsi fonunda Ermənistanın inkarçılıq siyasətini davam etdirməsi, beynəlxalq humanitar hüquq əsasında, həmçinin 4 fevral 2022-ci ildə videoformatda keçirilmiş görüş zamanı üzərinə götürdüyü öhdəlikləri inkar etməsi mənəvi-etik və beynəlxalq hüquqi çərçivələrdən tamamilə kənara çıxır.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırırıq.
Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər", - qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin