Məlum olduğu kimi, 13 yanvar tarixində Ermənistan xarici işlər nazirinin ABŞ-yə səfəri zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən sənədlə bağlı yerli mətbuatın sualını cavablandırıb.
“Qeyd edilən sənədin qəbul edilməsi 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, yanvarın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a səfəri çərçivəsində iki ölkə arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədi ictimaiyyətə elan olunub.
Bizim.Media






























































































