Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

Hazırda oxunan: Buzlar əridi, yeni münaqişə ÜZƏ ÇIXDI – ABŞ-la Avropa arasında gərginlik PİK HƏDDƏ

590387

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasını ələ keçirmək niyyəti Vaşinqtonun NATO üzrə müttəfiqləri olan Avropa ölkələrini təcili hərəkətə keçməyə vadar edib.

Belə ki, Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökuməti adaya qoşun göndərmək istəyir.

Bu istiqamətdə Britaniya Fransa, Almaniya daxil olmaqla bir sıra Avropa ölkələri ilə müzakirələr aparıb.

İddiaya görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planları üzərində işləyir. Həmin plana görə, bu missiyaya təkcə şəxsi heyət deyil, həmçinin hərbi gəmilər və təyyarələrlə də töhfə verilə bilər.

Bir sözlə, yaxın dövrdə dünyanın diqqəti Qrenlandiyaya yönələ bilər. Trampın adanı ABŞ-ın nəzarətinə keçirməkdə israrlı görünməsi, onun NATO üzrə müttəfiqlərinin isə buna qarşı çıxaraq, müdafiə üçün əraziyə qoşun göndərməyə hazırlaşmaları, Qrenlandiya uğrunda NATO daxilində savaşı qaçılmaz edə bilər.  

Bu fonda sözügedən ada uğrunda NATO daxilində toqquşma yaşana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu yaranmış durumun NATO-ABŞ qarşıdurmasına qədər yüksələcəyini düşünmür:
 

“Qlobal ekoloji dəyişmələr yeni torpaqlar yaradıb. Belədə yeni torpaqlar üzərində də yeni mübarizələr baş verməkdədir. Qrenlandiya da gələcəyin yeni quru sahəsi kimi bugünkü dünyanın güc mərkəzlərini özünə cəlb edir. Bu bəşər tarixində yeni hadisə deyil. Hər zaman boş və yeni torpaqlar uğrunda müharibə və mübarizələr olub”.


Deputat qeyd edir ki, Qrenlandiya ilə bağlı proses tarixin məntiqinə uyğun baş verir:

“Qrenlandiya üzərində Danimarkanın hüququ beynəlxalq hüquq tərəfindən tanınıb. Ancaq öz-özlüyündə ABŞ-ın Qrenlandiyaya iddiası onun həm də NATO üzvü kimi statusundan irəli gəlir. İkinci Dünya Müharibəsindən keçən müddət ərzində Avropanın təhlükəsizlik məsuliyyətini ABŞ öz üzərinə götürübsə, demək ki, Qrenlandiyanın da təhlükəsizliyi Vaşinqtonun məsuliyyət çərçivəsində olub. Ona görə hüquqların yenidən bölüşdürülməsi lazım gələcəksə, burada udan tərəf ABŞ olacaq. Ancaq yaranmış durumun NATO-ABŞ qarşıdurmasına, müharibəsinə gətirib çıxaracağına inanmıram”.

Politoloq Tofiq Abbasov isə ABŞ-NATO müstəvisində ən pis ssenarinin baş verə biləcəyini istisna etməyib:

“ABŞ-la NATO arasında ciddi bir soyuqluq yaşanır. Təşkilatın yaradıcısı ABŞ olsa da, Donald Trampın açıqlamalarından bəlli olur ki, o NATO-dan uzaqlaşmaq istəyir. Onun üçün NATO konsepsiyası öz mahiyyətini itirib.

Qrenlandiyaya gəldikdə, Vaşinqtonun hərəkətləri açıq-aydın ilhaq siyasətidir. Venesuela hadisəsi də göstərdi ki, beynəlxalq hüquq artıq yox səviyyəsindədir. Amerika da özünü dünyanın hegemonu kimi aparır”.

Avropa artıq ABŞ-a bel bağlamır.
 

Politoloq qeyd edir ki, Avropa Trampın ziqzaqvari yanaşmalarından artıq kifayət qədər doyub:


“Bu həm də onlarda qəzəb doğurur. Avropa artıq anlayıb ki, Amerikaya bel bağlamaq olmaz. Tramp adminstrasiyası nə müttəfiq kimi, müttəfiq, nə də düşmən kimi, düşməndir. Ona görə də qorxuya düşən Avropa sərt tədbirlərə əl atmaq niyyətindədir. Belə vəziyyətdə, Avropa ölkələri Qrenlandiyaya qoşun yerləşdirsə, ABŞ-la onlar arasında hətta ola bilsin, qanlı toqquşmalar da baş versin”.

Həmsöhbətimiz bildirir ki, bu təhlükə geosiyasi ab-havanı, xəritəni dəyişəcək:

“Çünki Tramp öz bildiyini qanun çərçivəsinə salıb, onun da reallaşmasını diktə edir. Ona görə də ABŞ-Avropa toqquşması da mümkündür. Tramp bütün dörd tərəfə od püskürərək, bildirir ki, onun üçün istədiyi hər şey məqbuldur”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin