Venesuela böhranında YENİ MƏRHƏLƏ - Maduronun həbsi nə vəd edir?

Hazırda oxunan: Venesuela böhranında YENİ MƏRHƏLƏ - Maduronun həbsi nə vəd edir?

589533

Hazırda dünya siyasi gündəmində əsas müzakirə mövzusu ABŞ və Venesuela arasında baş verən proseslərdir. Xüsusilə də, Venesuela Prezidenti Nikolas Maduronun saxlanılaraq ABŞ-a aparılması beynəlxalq müstəvidə geniş rezonans doğurub. 

Təbii ki, ABŞ-ın bu addımı dünyada birmənalı qarşılanmayıb. Xüsusilə də, Maduronun siyasi müttəfiqləri Rusiya və Çin ABŞ-a sərt reaksiya verərək, sözügedən addımın beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Rəsmi Vaşinqton isə Venesueladan Çin, Rusiya, İran və Kuba ilə bütün siyasi və iqtisadi əlaqələrə son qoymağı tələb edib. 

Maduronun saxlanılması ilə bağlı əsas sual doğuran məqam isə ABŞ-ın hansı məqsədlə bu addımı atmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Maduronun gedişi bazarlarda ÇAXNAŞMA YARATDI – Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ


Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Bizim.Media-ya açıqlamasında bildirib ki, ABŞ Latın Amerikasında digər böyük güclərin nüfuz dairəsinin artmasından narahatdır: 

“Yəni, Ağ Ev Venesuelanın təbii sərvətlərinin birgə idarə olunmasında digər dövlətlərin iştirakını qəbul etmək istəmir. Tramp administrasiyası xüsusilə Çinin Venesuelada genişlənmə siyasətinə qarşıdır. Trampın Venesuelaya qarşı keçirdiyi əməliyyatın pərdəarxasında duran əsas səbəblərdən biri budur. Hazırda ABŞ Venesuela neftinə nəzarət etmək istəyinə nail olmaq üzrədir”. 

E.Eltürk qeyd edib ki, Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin həbsi Tramp administrasiyası üçün həm də daxili siyasi faktorlara görə önəmlidir:
 

“Tramp Amerika xalqının ürəyini ələ almağın yollarını yaxşı bilir. Maduronın həbsi də bu baxımdan ABŞ Prezidenti üçün göydəndüşmə oldu. Sözügedən addım Amerika cəmiyyətində Trampın reytinqinə müsbət təsir göstərəcək”. 


Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyat keçirib.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro və həyat yoldaşı yanvarın 5-də Nyu-Yorkda hakim qarşısına çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin