ABŞ-ın Venesueladan sonrakı hədəfləri BƏLLİ OLDU – Siyahıda 3 ölkə var...

Hazırda oxunan: ABŞ-ın Venesueladan sonrakı hədəfləri BƏLLİ OLDU – Siyahıda 3 ölkə var...

589099

ABŞ-ın Venesuelada həyata keçirdiyi uğurlu hərbi əməliyyat belə deməyə əsas verir ki, anoloji proses Karakasa siyasi yaxınlığı olan digər ölkələrdə də təkrarlana bilər.

Ən azından ABŞ Prezidenti Donald Trampın son açıqlamaları belə deməyə əsas verir ki, Venesuelanın aqibətini “sözə baxmayan” digər ölkələr də yaşaya bilər.

Belə ki, Nikolas Maduronun həbsindən sonra Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada da hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

Tramp bildirib ki, Kolumbiyanı kokain istehsal etməyi və ABŞ-yə satmağı sevən xəstə adam idarə edir. Ardınca da hədə qorxu gələrək, qeyd edib ki, o bunu uzun müddət etməyəcək.

Digər tərəfdən, aydın şəkildə görünür ki, Venesuela olayı çoxsaylı digər ölkə başçılarını da xeyli dərəcədə narahat edib. Bu sırada İran da var.

Hər halda görünən odur ki, Trampın narkoticarətə qarşı apardığı mübarizəsi fonunda Venesuelanın aqibətini digər ölkələr də yaşaya bilər.  

Görəsən, Venesueladan sonra hədəfdə hansı ölkələrdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, Venesueladan sonra anoloji hədəfə tuş gələcək əsas ölkələr Nikaraqua və Kuba olacaq:

“Venesuelada baş verən son hadisələr və Nikolas Maduronun həbsi, Latın Amerikasında illərdir mövcud olan siyasi balansın təməllərini sarsıdıb. Bu hadisə sadəcə bir ölkədəki hakimiyyət dəyişikliyi deyil, həm də bənzər siyasi modellərlə idarə olunan digər dövlətlər üçün də ciddi bir sınaq dövrünün başlanğıcıdır. Analitik nöqteyi-nəzərdən, Maduronun sıradan çıxarılması "domino effekti" yaradaraq, bir neçə spesifik coğrafiyada gərginliyi artıra bilər.

İlk növbədə, Nikaraquanın adı ön plana çıxır.

Daniel Orteqanın rəhbərlik etdiyi siyasi sistem uzun illərdir Venesuelanın birbaşa iqtisadi və ideoloji dəstəyi ilə ayaqda qalırdı. Strateji sütunun itirilməsi bu ölkədə daxili sosial narazılığın artmasına və xarici təzyiqlərin birbaşa Nikaraquaya yönəlməsinə yol açacaq.

Növbəti həssas nöqtə Kubadır.

Karib hövzəsinin bu mühüm adası üçün Venesuela nefti və maliyyə subsidiyaları həyati əhəmiyyət kəsb edirdi. Bu maliyyə arteriyasının kəsilməsi Kubada mövcud olan iqtisadi çətinlikləri daha da dərinləşdirəcək. Belə bir vəziyyətdə Havana ya dərin sistem islahatlarına getməli, ya da Qərblə münasibətləri tamamilə yeni bir müstəviyə daşımalı olacaq”.

Ağ Ev Yaxın Şərq və Mərkəzi Asiyaya diqqətini yönəldəcək

Ekspertin fikrincə, qlobal miqyasda bu proses İran və Rusiyanın Latın Amerikasındakı təsir dairələrinin daralması ilə nəticələnəcək:
 

“Vaşinqtonun bu regionda nəzarəti bərpa etməsi, onun diqqətini daha çox Yaxın Şərq və Mərkəzi Asiya kimi digər strateji bölgələrə yönəltməsinə şərait yaradır. Venesuela hadisəsi göstərdi ki, XXI əsrdə siyasi sistemlərin dayanıqlılığı artıq yalnız daxili güc faktoru ilə deyil, həm də beynəlxalq legitimlik və iqtisadi inteqrasiya ilə ölçülür.


Nəticə etibarilə, "növbəti hədəf" ifadəsi mütləq hərbi müdaxiləni deyil, daha çox iqtisadi təcrid və hüquqi təzyiq vasitəsilə baş verən təbii transformasiya prosesini ifadə edir. Siyasi arxitekturanın dəyişməsi qaçılmaz görünür və bu proses ilk növbədə Venesuela ilə ən sıx bağları olan siyasi quruluşları əhatə edəcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin