Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropanın enerji məsələləri üzrə komissarı Kadri Saymon mətbuata bəyanatlarla çıxış ediblər.
Bizim.Media xəbər verir ki, görüşlə bağlı Avropa İttifaqının rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunub:
“2022-ci il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin səkkizinci toplantısında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında uzunmüddətli enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçid kimi ümumi məqsədlərə əsaslanan strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Avropanın enerji problemləri Bakının əhəmiyyətini artırır? - SİYASİ NÜANSLAR
Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı birinci istismar ilinin uğurlu nəticəsini və onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni alqışlayırıq.
Altı ölkəni əhatə edən bu ötürmə sistemi, əvvəllər təbii qaza çıxışı olmayan regionlar da daxil olmaqla, enerji təchizatının və mənbələrinin şaxələndirilməsinə töhfə verir. Bu təşəbbüs, həmçinin kömürdən istifadənin azaldılmasını da dəstəkləyə bilər.
Azərbaycan Respublikası Hökuməti Cənub Qaz Dəhlizinin əsas stimullaşdırıcısı kimi strateji rol oynamaqda davam edir. Azərbaycan Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını çatdırmaq üçün səylərini davam etdirir. Qaz qiymətlərinin son qlobal artımı isə tədarükün şaxələndirilməsinin zəruriliyini bir daha vurğulayıb.
Biz Cənub Qaz Dəhlizinin Qərbi Balkanlar da daxil olmaqla yeni enerji bazarlarına doğru mümkün genişləndirilməsinin araşdırılmasında bütün maraqlı tərəflərin səylərini vurğulayırıq.
Növbəti addım olaraq, Cənub Qaz Dəhlizinin gələcəkdə hər hansı genişləndirilməsinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün kommersiya, ekoloji, texniki, tənzimləmə və iqlimlə bağlı məsələlərin qiymətləndirilməsi vacibdir.
Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları müxtəlif iqlim və davamlı inkişaf təşəbbüslərini, o cümlədən “Metan üzrə Rəhbər Prinsiplər”i imzalayırlar.
Cənub Qaz Dəhlizinin gələcək əməliyyatları müvafiq normativ hüquqi bazalara uyğun olaraq tərəflərin və sənayenin ən yaxşı davamlı fəaliyyət təcrübələrinin həyata keçirilməsinə əsaslanacaq”.
Bizim.Media