“Bu qanun xaricdə oturub bu gün Azərbaycanın, onun ordusunun əleyhinə, Azərbaycanın suverenliyi, konstitusion bütövlüyü əleyhinə iş aparan, hansı məqsədlərlə burdan sığınacaq alıb gedənlərə tətbiq olunmalıdır. Bu, söz azadlığının qarşısının alınması deyil”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, xaricdə oturub heç bir məsuliyyət daşımayıb, bütün insanları təhqir etmək, onları mənəvi terrora məruz qoymaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ən ağır maddə olmalıdır:
“Bununla bağlı prokurorluq orqanları işlər qaldırıblar. Hesab edirəm ki, bu daha da genişlənməli, həmin şəxslər Azərbaycana gətirilməli və qanun qarşısında cavab verməlidir. Onlara qarşı birgə mübarizə aparmalıyıq. Biz hamılıqla mübarizəni başlayanda demək olar ki, həmin insanlar da çəkinir. Bəzi insanlar təhqirdən narahat olduğu üçün danışmaqdan çəkinirlər. Amma onların istifadə etdiyi ifadələr evlərində, ailələrində istifadə etdikləri ifadələrdir, yəni o tərbiyənin sahibidirlər. O çıxışı onun həyat yoldaşı da, bacısı da, anası da oxuyur”.
“Bu gün əlinə qələm alan kimi ilk dəfə deputatlardan yazıb məşhurlaşmaq əhval-ruhiyyəsinə düşənlər üçün də ölçü götürülməlidir ki, onlar yollarını azmasınlar. Əgər jurnalistliyi seçirlərsə, düzgün jurnalist olsunlar. Televiziya kanallarında göstərilən serial və verilişlərə aidiyyəti qurumlar cavabdehlik daşıyır. Orda olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər”, - deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media


































































































