Prezidentdən TARİXİ MESAJLAR – Azərbaycan böyük güclərin Qarabağ planını necə İFLASA UĞRATDI?

Hazırda oxunan: Prezidentdən TARİXİ MESAJLAR – Azərbaycan böyük güclərin Qarabağ planını necə İFLASA UĞRATDI?

587490

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Görüş zamanı çıxış edən Dövlət başçısı bir sıra vacib məsələlərə toxunub. Onlardan biri də beynəlxalq aktorların Ermənistan–Azərbaycan münaqişəsinə göstərdikləri birtərəfli münasibət idi.

“Ermənistan–Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə – işğalçı, talançı dövlətlə həmrəy idilər.
 

MÖVZU İLƏ BAĞLI:

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident


Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılıb və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi”, – deyə dövlətimizin başçısı bildirib.

Dünya niyə işğalla barışmağımızı istəyirdi?

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddətdə böyük dövlətlər və beynəlxalq təşkilatlar birtərəfli mövqedən çıxış ediblər. Halbuki bu təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlı doğma dədə-baba ocaqlarından didərgin salındı, 25 mindən artıq insan həyatını itirdi, 5 mindən artıq insan itkin düşdü.
 

Həlak olan və itkin düşənlərin tam əksəriyyəti uşaqlar, qadınlar, yaşlılar, bir sözlə, mülki əhali idi. Mülki əhaliyə bu cür münasibətin isə beynəlxalq hüquqda tək bir adı var – soyqırımı.


Amma işğal dövründə nə ABŞ, nə Rusiya, nə də Avropanın aparıcı dövlətləri bu soyqırımına nə hüquqi, nə də siyasi qiymət verdi. Əksinə, Ermənistanın işğalçılıq siyasətinə açıq və ya gizli şəkildə dəstək göstərildi.

Amerikalı konqresmenlərin Xankəndi sərgüzəştləri

ABŞ bədnam 907-ci düzəlişlə sözün həqiqi mənasında işğalçı dövlət – Ermənistanı müdafiə etdi. Bədnam düzəliş hesabına Amerika dövləti Azərbaycana bütün hərbi yardımları dayandırdı. Əvəzində isə Ermənistana hər il ABŞ-ın federal büdcəsindən yüz milyonlarla dollar yardım ayrıldı. Bu isə işğala və soyqırımına açıq dəstək idi.

2020-ci ilin sentyabrına qədər ABŞ rəsmiləri, konqresmenlər, senatorlar işğalçılara hər cür maddi və siyasi dəstək göstərirdilər. Halbuki Qarabağ və Şərqi Zəngəzuru ABŞ rəsmən Azərbaycanın ərazisi kimi tanıyırdı. Reallıqda isə erməni işğalını dəstəkləyirdilər. Belə olmasaydı, Xankəndinə səfərlər zamanı heç olmasa rəsmi Bakının mövqeyini öyrənərdilər.
 

Ən pisi də o idi ki, dünyaya insan haqlarından moizə oxuyan ABŞ konqresmenləri mütəmadi olaraq Qarabağa səfərlər edir, hətta burada keçirilən “seçki oyununu” müşahidə edirdilər. Daha sonra erməni konyakından içib seçkilərin çox “demokratik keçdiyini” söyləyirdilər. Bu isə beynəlxalq hüququ ayaqlar altına atmaq, erməni işğalını, ermənilərin törətdikləri soyqırımları dəstəkləmək idi.


Xatırladaq ki, 2017-ci ilin sentyabr ayının 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri – konqresmenlər Frenk Pallone, Zeki Spir, Anna Eşun, Tulsi Qabbard, Cim Sensenbrener və Devid Valadao Ermənistanda səfərdə olublar. Onlardan ikisi – F. Pallone və Z. Qabbard Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər edib, separatçılarla görüşüblər.

Daha sonra, 2019-cu ilin 1 oktyabrında ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çu hərbi təyyarə ilə işğal olunmuş Qarabağa gəldilər. Səfər ərəfəsində Frank Pallone həyasızcasına bəyanat vermişdi ki, onlar ABŞ və “DQR” arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və “inkişaf edən gənc demokratiyaya” köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcəklər.

Belə faktları çox sadalamaq olar. Bütün bunlar isə onu göstərir ki, ABŞ supergüc və ATƏT-in Minsk qrupunun həmsədri kimi 20 il müddətində ancaq işğalı dəstəkləyib, işğalçının yanında dayanıb.

Erməni işğalının əsas səbəbkarı – Rusiya

Hər kəs bilir ki, birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı bilavasitə Rusiya ordusunun iştirakı ilə baş tutub. Həmin dönəmdə Rusiya açıq şəkildə Ermənistana hər cür yardım göstərdi. Hətta Azərbaycan ərazisindəki rus qoşunları və hərbi sursat ermənilərin sərəncamına verildi.

Sonrakı illərdə Ermənistan iqtisadiyyatının ayaqda qalmasında, Qarabağda separatizmin daha da alovlanmasında Rusiyanın misilsiz rolu var. Təsadüfi deyil ki, 20 ildən artıq müddətdə Ermənistanın siyasi hakimiyyətində Rusiyapərəst qüvvələr təmsil olunublar və onlar yalnız Moskvadan gələn direktivlərlə hərəkət ediblər. Ona görə də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi heç zaman ədalətli mövqe nümayiş etdirmədi. Digər həmsədrlər kimi, Rusiya da münaqişənin dondurulmasına və uzadılmasına çalışdı.

Ermənilərin “böyük bacısı”
 

ATƏT-in Minsk qrupunun digər həmsədri Fransanın Ermənistana münasibəti barədə isə çox danışmağa ehtiyac yoxdur. Onsuz da fransızlar hər zaman özlərini ermənilərin “böyük bacısı” hesab ediblər. Son 35 ildə Fransanın rəsmi dairələrindən tutmuş QHT-lərinə, iş adamlarına qədər çox sayda fərdlər açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyiblər. Fürsət düşdükcə fransızlar ermənilərə hər cür yardımları ötürüblər, hətta soyqırımını təşviq ediblər.


Avropanın digər aparıcı ölkələrinin də Ermənistan–Azərbaycan münaqişəsinə münasibətləri birmənalı şəkildə ermənipərəst olub.

İkili standartlar

Halbuki həm ABŞ-ın, həm Rusiyanın, həm də Avropa ölkələrinin Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün kifayət qədər imkanları olub. Biz bu imkanları analoji münaqişələrdə aydın şəkildə görürük. Bu gün Rusiya Ukraynaya etdiyi təcavüzə görə təklənib.

Rusiyaya qarşı Qərb tərəfindən demək olar ki, hər ay bir sanksiya paketi hazırlanır və qəbul edilir. Təkcə Rusiyanın rəsmi dairələri yox, sadə iş adamları və hətta əlil idmançıları - paralimpiyaçılar belə dünyadan təcrid edilib. Bu gün sadə rusiyalı Avropaya və ABŞ-a səfər edə bilmir. Bu və digər səbəblər ucbatından son 4 ildə Rusiya iqtisadiyyatı əsaslı şəkildə çökdürülüb.
 

Qərbin sərt üzünü biz Serbiya, Gürcüstan və digər ölkələrə qarşı da görmüşük. Amma işğal dövründə nə ABŞ, nə Rusiya, nə də Avropa dövlətləri nəinki Ermənistanın siyasi elitasına, hətta Qarabağdakı separatçılara qarşı belə heç bir sanksiya və qadağa tədbiri görmədi.


Əksinə, separatçıların liderləri hər il ABŞ-da, Fransada və digər ölkələrdə açıq xeyriyyə aksiyaları keçirir və separatizmin dəstəklənməsi üçün bu ölkələrdən yüz milyonlarla dollar vəsait toplayırdılar. Yerli hökumət rəsmiləri isə nəinki bu cür cinayətkar aksiyalara “dur” demir, əksinə, bir çox hallarda bu tip aksiyalara qoşulur, separatçılara maddi və mənəvi dəstək verirdilər.

Nə Qərb, nə də Rusiya BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan işğalını dayandıra biləcək 4 qətnaməni saya salmadılar.

Beynəlxalq riyakarlığın sonu, milli iradənin zəfəri

Bütün faktlar açıq şəkildə göstərir ki, Ermənistan–Azərbaycan münaqişəsi dövründə bu proseslə məşğul olmaq mandatı daşıyan beynəlxalq qurumlar və güc mərkəzləri ədalətin deyil, işğalçı və talançı Ermənistan dövlətinin yanında yer aldılar. Beynəlxalq hüququn norma və prinsipləri kağız üzərində qaldı, BMT qətnamələri icrasız saxlanıldı, ATƏT-in Minsk qrupu isə vasitəçi rolunu deyil, status-kvonun qorunmasını və işğalın uzadılmasını hədəfləyən siyasi alətə çevrildi. Bu yanaşma təkcə Azərbaycana qarşı deyil, bütövlükdə beynəlxalq hüquq sisteminə vurulan ciddi zərbə idi.

Məhz belə bir şəraitdə Azərbaycanın barışmaz və prinsipial mövqeyi həlledici rol oynadı. Rəsmi Bakı təzyiqlərə, təhdidlərə və ikili standartlara boyun əymədi, öz gücünə, xalq–dövlət birliyinə və legitim hüquqlarına arxalanaraq ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi.

Bununla yanaşı, artıq tarixi missiyasını deyil, siyasi iflasını tamamlamış ATƏT-in Minsk qrupunun ləğvi də Azərbaycanın qətiyyətli siyasətinin məntiqi nəticəsi oldu.

Cari ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı Azərbaycan və Ermənistanın birgə şəkildə Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etməsi, bu prosesin 2025-ci il dekabrın 1-də rəsmən başa çatması postmünaqişə dövründə yeni siyasi reallıqların hüquqi təsdiqidir.

Beləliklə, Azərbaycan təkcə hərbi və siyasi qələbə qazanmadı, eyni zamanda 30 ilə yaxın davam edən beynəlxalq riyakarlığa son qoydu. Bu təcrübə sübut etdi ki, ədalət güclülərin selektiv qərarlarında deyil, haqqına söykənən və geri çəkilməyən dövlətlərin qətiyyətində bərqərar olur. Azərbaycanın yolu da məhz bu həqiqətin canlı sübutudur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin