Tarixi məsuliyyət və müasir liderlik nümunəsi: İlham Əliyev fenomeni

Hazırda oxunan: Tarixi məsuliyyət və müasir liderlik nümunəsi: İlham Əliyev fenomeni

587077

Xalqa, dövlətə sədaqətlə xidmət edərək böyük tarixi missiyanı yerinə yetirən şəxsiyyətlərin doğum günü ildə bir dəfə olmur. Onlar öz xeyirxah əməl və müqəddəs amal və məramları ilə hər gün yenidən doğulurlar. Bu mənada təkcə 24 dekabr deyil, hər ötən gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür! 

Tarix sübut edir ki,  cəmiyyətdə insanları öz ardınca apara bilən liderə tələbat adətən ən taleyüklü mərhələlərdə yaranır. Dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək onların icrasına dair qətiyyətli addımlar atmağı bacaran şəxsiyyətlər tarixi bir missiyanı yerinə yetirir və xalqın əsl liderinə çevrilirlər. Belə liderlər siyasi arenada yalnız rəhbər deyil, eyni zamanda strateji baxışa malik siyasi fenomen kimi formalaşırlar. 

Tarix göstərir ki, güclü dövlətlərin əsasında vətənə sədaqət və xalqa xidmət prinsipi dayanır. Bu mənada müasir Azərbaycan dövlətçiliyinin ideoloji və praktiki əsasları Prezident İlham Əliyevin fəaliyyətində aydın şəkildə öz əksini tapır.
 

“Dövlətə sədaqət, xalqa sədaqət və vətənə məhəbbət siyasətin əsasını təşkil etməlidir.” - Heydər Əliyev


Bu müdrik fikir Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dövlət siyasətinin mahiyyətini dolğun şəkildə ifadə edir. 

Böyük lider hər zaman situasiyanı dərindən hiss edir, mövcud reallıqları düzgün qiymətləndirir və gələcəyi qabaqcadan görməyi bacarır. 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı aydın baxışlarını ictimaiyyətə çatdıran Prezident İlham Əliyev artıq o dövrdə həm ölkədaxili prosesləri, həm regional və qlobal geosiyasi trendləri aydın şəkildə görür, xalqımızın gələcəyi üçün nəyi, nə vaxt və necə etməyin vacib olduğunu dəqiq bilirdi.

Strateji baxış və davamlı idarəetmə modeli

Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Bu modelin əsas məqsədi Prezidentin öz ifadəsi ilə desək, “daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaratmaq, Azərbaycan xalqının rifah, təhlükəsizlik və davamlı inkişaf şəraitində yaşamasını təmin etməkdir”.
 

“Dövlətin əsas məqsədi insanların təhlükəsiz və firavan yaşamasını təmin etməkdir.” - Aristotel


Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu klassik dövlətçilik prinsipini müasir reallıqlar şəraitində uğurla reallaşdırır. 2025-ci ilin yanvar–noyabr ayları üzrə əsas iqtisadi göstəricilər nəzər saldıqda qeyri-neft/qaz sektoru üzrə ümumi daxili məhsulun 3.2 faiz, qeyri-neft sektorunda  4.8 faizlik artım görürük.  

– Prezident İlham Əliyevin 20 illik fəaliyyəti üzrə əsas rəqəm və faktlarına da nəzər salmaq yerinə düşər: 

– İqtisadi inkişaf: 


2003–2023-cü illər ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatı regional miqyasda aparıcı mövqelərə yüksəlib. 

– Sosial rifah:

Yoxsulluq səviyyəsi təxminən 49 faizdən 5 faizin altına endirilib, milyonlarla vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

-Maliyyə və strateji dayanıqlıq: 

Azərbaycanın strateji valyuta ehtiyatları 1–2 milyard ABŞ dollarından 60 milyard dollara yaxın səviyyəyə çatdırılıb və bu, ölkənin iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birinə çevrilib.

Əldə olunan nəticələrin ümumi qiymətləndirilməsi və faktlar  bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət yalnız qısamüddətli nailiyyətlərə deyil, uzunmüddətli, dayanıqlı və sistemli inkişafa hesablanıb. Güclü iqtisadiyyat, sosial rifah və maliyyə təhlükəsizliyi bir-birini tamamlayan vahid idarəetmə modelinin nəticəsidir.

Vətən Müharibəsi Qələbəsi və Yeni həyata qovuşan Qarabağ 

2020-ci ildə qazanılmış Vətən Müharibəsi Zəfəri  Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunması və milli birliyin güclənməsi baxımından tarixi hadisədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilir. Bu çərçivədə yollar, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri yenidən qurulur, iqtisadi imkanlar artırılır və bölgədə dayanıqlı inkişaf üçün baza yaradılır. Birinci Qayıdış Proqramı çərçivəsində minlərlə vətəndaşımız öz doğma ocağının çırağını yandırır. 

Liderlik yolu və tarixi məsuliyyət

Prezident İlham Əliyevin 20 illik liderlik fəaliyyəti göstərir ki, strateji baxış, milli maraqlara sədaqət və xalqa xidmət prinsipi dövlətin davamlı inkişafının əsas şərtidir. Bu fəaliyyət müasir Azərbaycan tarixində güclü dövlətçilik məktəbi kimi dəyərləndirilir və gələcək nəsillər üçün etibarlı inkişaf xətti formalaşdırır.  

Doğum gününüz qutlu olsun, Cənab Prezident! Azərbaycan Sizinlə Qüdrətli və İşıqlıdır!

Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin