Rusiyanın “QIRMIZI XƏTTİ” – Avropa bu addımı atsa, MÜHARİBƏ BAŞLAYACAQ

Hazırda oxunan: Rusiyanın “QIRMIZI XƏTTİ” – Avropa bu addımı atsa, MÜHARİBƏ BAŞLAYACAQ

586843

Moskva ilə Avropa İttifaqı arasında Ukrayna müharibəsi ətrafında yaşanan gərginlik son günlər daha kəskin xarakter almağa başlayıb.  Bu gərginlik özünü xüsusən də II Dünya Müharibəsindən sonra Rusiyaya məxsus olan Kalininqrad vilayəti məsələsində göstərir.

Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, NATO Rusiya eksklavı Kalininqrad vilayətinin blokadası ssenarisi üzərində işləyir və Baltik dənizi regionunu öz qüvvə və resursları ilə hərbiləşdirir.
 

Rusiya Prezidenti Vladimir Putin isə ilin yekunlarına dair mətbuat konfransında çıxışında bildirib ki, Avropa tərəfindən Kalininqradı blokadaya almaq cəhdi münaqişəni görünməmiş səviyyəyə qaldıracaq.


O vurğulayıb ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq.

Göründüyü kimi, Putin Avropanı müharibə ilə hədələyir.

Görəsən, bu fonda Avropa geri addım atacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Qərbin Kalininqradı blokadaya almaq cəhdi ona baha başa gələcək:

“Qərblə Rusiya arasında qarşıdurma yeni fazaya keçmək ərəfəsindədir. Qərb çalışır ki, Rusiya üçün maksimal dərəcədə əlverişsiz situasiya formalaşsın. Kalininqrad məsələsinin gündəmə gəlməsi də məhz ilk növbədə Qərbin Rusiyanın ən həssas nöqtələrini tutması və onun üçün maksimal dərəcədə əlverişsiz şərait yaratmağa çalışması ilə bağlıdır.

Bu həm də Qərbin II Dünya Müharibəsinin nəticələrini təftiş etməyə çalışdığının göstəricisidir. Qərb həqiqətən də Kalininqradı blokadaya alarsa, Rusiya ona çox sərt cavab verəcək”.

“Soyuq müharibədən daha qızğın bir müharibəyə keçid ərəfəsindəyik”.

Ekspert qeyd edir ki, Avropada müharibə carçılarının sayı çoxdur:

“Onlar bu prosesdə maraqlı olduqlarını da gizlətmirlər. Belə vəziyyətdə, Moskvanın da əks addımlar atmaq imkanları az deyil. Aİ-nin 7 ölkəsinin Rusiyanın Avropa banklarında saxlanılan kapitalı ilə bağlı qurum rəhbərliyinin mövqeyinə qarşı çıxması Moskvanın qələbəsidir. Qərb yırtıcı qarətçiliklə məşğul olmağa çalışır. Bir sözlə, tərəflər arasında mövqe qarşıdurması gedir və bu da soyuq müharibədən daha qızğın bir müharibəyə keçid mərhələsi kimi qiymətləndirilməlidir. Deməli, qarşıdurmanın dərəcəsi durmadan artır ki, burada da Qərbin günahı daha çoxdur”.

Politoloq deyir ki, ABŞ Prezidenti Trampın öz yanaşmasını Rusiyaya doğru dəyişməsindən sonra Avropa çətin duruma düşüb:

“Müharibə məsələsi gündəmdədirsə, deməli burada diplomatların, siyasilərin səhvləri olub. Qarşıdurmada ən böyük ziyan çəkən isə Ukrayna xalqıdır. Ölkəni ağır duruma salıblar. 10 milyon insan ölkəni tərk edib. Digər tərəfdən, ölkənin parçalanması da qaçılmazdır.

Kalininqrad vilayətinin blokadaya alınması kiməsə görə cazibəli görünsədə, belə bir addıma getmək olduqca təhlükəli və sonu heç də yaxşı qurtarmayacaq məsələyə çevriləcək. Çünki Rusiya belə vəziyyətlə barışmayacaq və heç bir güzəştə getməyəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin