Fars körfəzinə DOĞRU

Hazırda oxunan: Fars körfəzinə DOĞRU

586779

Postmüharibə dövrü üçün Azərbaycan dövlətinin əsas əməkdaşlıq coğrafiyalarından biri də Fars Körfəzi regionudur. İndiyə qədər İran, Qətər, İraq, Səudiyyə Ərəbistanı, eləcə də, Ərəb Dövlətləri Liqasına daxil olan digər ölkələrlə çoxtərəfli faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Artıq həmin sırada Birləşmiş Ərəb Əmirlikləri də sanballı yer alır.

Prezident İlham Əliyevin ötən həftə Əbu-Dabiyə səfər edərək “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirakı iki ölkə arasında münasibətlərin daha yüksək keyfiyyət mərhələsinə qalxdığını təsdiq edir. Həm də ona görə ki, səfər Birləşmiş Ərəb Əmirlikləri prezidentinin şəxsi dəvəti əsasında reallaşdı.

Siyasi yaxınlıq yeni uğurlarla zənginləşdiriləcək

Azərbaycan-BƏƏ əlaqələrinin tarixi ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır. Əmirlik ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Qarşılıqlı təmaslar sonrakı illər ərzində xeyli inkişaf etdi və hazırda Bakı-Əbu-Dabi əməkdaşlığı üçün yeni dövrün başlandığını qətiyyətlə söyləmək olar. İlk növbədə, siyasi-diplomatik sahədə...
 

Azərbaycan və BƏƏ BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq platformalarda effektiv münasibətlər qurublar.


Bu, hər iki ölkənin beynəlxalq hüquqa və çoxtərəfli diplomatiyaya önəm verdiyini nümayiş etdirir, üstəlik, Bakı-Əbu-Dabi təmaslarının güclənməsi regional və qlobal sülhün və təhlükəsizliyin  möhkəmləndirilməsində də özünəməxsus rol oynayır. Beləliklə, ikitərəfli əlaqələr qarşılıqlı hörmət, dünya və regional gündəmin əsas məsələləri üzrə yaxın baxışlar kimi möhkəm təməllər üzərində qurulur.

Prezident İlham Əliyevin “Gələcəyin oyunları” formatında keçirilən tədbirdə iştirakı və liderlər arasında növbəti görüş mövcud siyasi konstruktivliyin yeni nailiyyətlərlə zənginləşdirilməsinə də gətirib çıxaracaq. Ən nəhayət, Prezidentin səfəri strateji tərəfdaşlığın möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də, regionda sabitlik və təhlükəsizliyin təmini üzrə Azərbaycan-BƏƏ əlaqələrini daha praqmatik müstəviyə keçirəcək.

Ticarət dövriyyəsini artırmaq üçün güclü imkanlar

Hazırda Bakı və Əbu-Dabi arasında münasibətlərin dinamikasını şərtləndirən digər mühüm sahə iqtisadi sferadır. 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2025-ci il iyulun 9-da qəbul edilən “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” və 2025-ci ilin sentyabrında liderlərin Şuşadakı görüşü ilə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin qüvvəyə minməsi Azərbaycan-BƏƏ iqtisadi əlaqələri üçün möhkəm baza rolunu oynayır.

-Bu günə qədər Azərbaycan və BƏƏ arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb;

-2025-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq 147,49 milyon dollara çatıb;

-hazırda ölkəmizdə BƏƏ kapitalı ilə 420 şirkət qeydiyyatdan keçib;

-ikitərəfli münasibətlər qurulandan bəri Azərbaycan BƏƏ iqtisadiyyatına 1 milyard dollar, BƏƏ isə ölkəmizə 3,3 milyard dollar vəsait yatırıb;

-ölkələrimiz arasında tranzit daşımaların həcmi 20 faizdən çox artıb.

Azərbaycan Cənubi Qafqazın lider dövlətidir

Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək digər sektorlar da var. Azərbaycan və BƏƏ liderlərinin son görüşündə iqtisadi, enerji, mədəni, humanitar, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi o anlamı daşıyır ki, Bakı BƏƏ-ni Fars Körfəzi regionunun, Əbu-Dabi isə Azərbaycanı Cənubi Qafqaz coğrafiyasının favorit dövləti kimi qəbul edir və əlaqələrini də məhz bu faktoru nəzərə alaraq qurmağa üstünlük verir.
 

Son illər hər iki ölkənin biznes dairələri ticari-iqtisadi və investisiya imkanlarını nəzərdən keçirmək üçün mütəmadi forumlarda iştirak edir və iki regionu daha da yaxınlaşdıracaq prioritet sahələri müəyyənləşdirməyə çalışırlar.


Məsələn, turizmin inkişafı istiqamətində ciddi uğurlar var. Belə ki, hazırda BƏƏ hava daşıyıcıları üçün həftəlik reyslərin sayı 28-ə, Azərbaycan şirkətləri üçünsə 14-ə çatır. Nəticədə, ötən il respublikamıza BƏƏ-dən gələn ziyarətçilərin sayı 49 mini keçdi, Azərbaycandan isə əmirliyə turist kimi gedənlərin sayı 115 min nəfəri üstələdi. Bundan başqa, cari il ərzində təxminən 39 min BƏƏ vətəndaşının ölkəmizə turist kimi səfər etdiyi bildirilir.

“Yaşıl enerji” – əməkdaşlığın prioritet hədəfi

Azərbaycan və BƏƏ iqtisadi təmaslarının aparıcı sahələrindən biri də bərpaolunan enerjidir. Ölkəmizin “yaşıl enerji” üzrə yaxından əməkdaşlıq etdiyi “Masdar” şirkətinin dəstəyi ilə 2023-cü ildə “Qaradağ” GES-i istifadəyə verildi. Stansiya ildə 500 milyon kilovat-saat enerji istehsal etmək gücündədir. Bu isə 200 min tondan çox karbon qazının atmosferə buraxılmasını azaltmağa imkan verəcək. Ötən il yenə də BƏƏ-yə məxsus “Masdar” şirkəti tərəfindən daha 3 bərpaolunan enerji obyektinin təməli qoyuldu.
 

Həmin obyektlərin investisiya dəyəri 1 milyard dollara yaxındır. SOCAR və “Masdar” dəniz külək enerjisinin istehsalı üzrə də birgə proqramlar işləməyi planlaşdırırlar.


Bundan başqa, Azərbaycan və BƏƏ-nin 1 milyard maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaratması, eləcə də, Ərəb Əmirliklərinə məxsus şirkətlərdən biri ilə 5 milyard dollar dəyərində şəhər tikintisi sahəsində əməkdaşlıq sazişinin imzalanması Bakı və Əbu-Dabinin daha böyük və perspektivli hədəflərə kökləndiyini təsdiqləyir.

Artıq Azərbaycanın kənd təsərrüfatı məhsulları BƏƏ-nin ticarət şəbəkələrinə Made in Azerbaijan brendi ilə daxil olmaqdadır. Beləliklə, Azərbaycan ərəb dünyası və Fars Körfəzi bölgəsində özünün siyasi və iqtisadi varlığını təsdiqləyir. Prezidentin həyata keçirdiyi çoxtərəfli diplomatiya Avropa, MDB, Türk dünyası ilə bərabər indiyə qədər ənənəvi olmayan coğrafiyalarda da ölkəmizin təqdimatına təkan verir. Bütün bunlar isə Azərbaycanın qlobal sülh və təhlükəsizliklə yanaşı, beynəlxalq iqtisadi əlaqələrdə də vacib aktor kimi imicini möhkəmləndirir.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin