GUAM təşkilata üzv ölkələrdə həllini tapmayan münaqişələrlə bağlı hazırladığı qətnamə layihəsi BMT Baş Assambleyasında bu gün də səs çoxluğu ilə qəbul oluna bilər, amma biz sənədin adi səs çoxluğu ilə qəbulunu istəmirik.
Bunu Moderator.az-a açıqlamasında GUAM Baş katibi Valeriy Çeçelaşvili deyib.
Onun sözlərinə görə, bu məsələ sentyabr ayında GUAM-a üzv ölkələrin XİN başçılarının toplantısında bir daha müzakirə olundu və diplomatik nümayəndələrə bununla bağlı xüsusu tapşırıq verildi:
“Bu sənədin gündəliyə salınıb müzakirə olunub qəbul olunmasında heç bir problem yoxdur. Sadəcə olaraq biz sənədin adi səs çoxluğu ilə qəbul olunmasını istəmirik. Biz istəmirik ki, 20-30 ölkə səsvermədə bitərəf mövqe sərgiləsin. Biz istəyirik ki, sənədin lehinə böyük əksəriyyət səs versin və dünyanın aparıcı ölkələri bu səsvermədə iştirak etsinlər. Yəni sənədə haradasa 130-150 ölkənin lehinə, haradasa 10-dək ölkənin isə əleyhinə səs verməsini istəyirik. Biz işimizi bu istiqamətdə qurmuşuq və fəaliyyət göstəririk.”
Baş katib onu da əlavə etdi ki, təşkilatın XİN başçılarının növbəti görüşü dekabrın əvvəlində İsveçrənin Bazel şəhərində ATƏT XİN başçılarının toplantısı çərçivəsində keçiriləcək və nazirlər orada təşkilatın qarşıdakı fəaliyyət prioritetlərini müzakirə edəcəklər:
“Bildiyiniz kimi 2015-ci ilə yanvarından təşkilata sədrlik Moldovadan Ukraynaya keçir və orada təşkilatın qarşısında duran məsələlər və üzv ölkələr arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi, təşkilatı məsələlər, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.”
Baş katib onu da əlavə etdi ki, onadək noyabrın ortalarında Kiyevdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində GUAM milli koordinatorlarının toplantısı keçiriləcək və orada XİN başçılarının növbəti görüşünün gündəliyi müzakirə olunacaq.
































































































