Ermənistanda gözlənildiyi kimi növbəti vətəndaş qarşıdurmasına start verilib. Bu qarşıdurmanın mərkəzində isə Eçmiədzin kilsəsi dayanır.
Dekabrın 18-də Eçmiədzin kilsəsi ətrafında baş nazir Nikol Paşinyan tərəfdarları ilə katolikos II Qaregini dəstəkləyən revanşistlər arasında toqquşmalar yaşanıb. Yaranmış gərginliyin əsas səbəbi isə Ermənistan cəmiyyətində bütün ermənilərin katolikosu II Qareginə münasibətdə dərin parçalanmanın yaranmasıdır. Şahidlərin sözlərinə görə, etiraz aksiyaları zamanı tərəflər arasında söz mübahisəsi fiziki toqquşmalara gətirib çıxarıb.
Hüquq-mühafizə orqanları vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb. İlkin məlumatlara əsasən, insident zamanı bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl Paşinyan II Qareginə qarşı mübarizədə özünə sadiq din xadimlərindən istifadə etmək qərarına gəlib.
Paşinyanın kilsəyə qarşı vətəndaş cəmiyyətini irəli sürmək taktikası nəticə verəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Paşinyanın kilsəyə qarşı apardığı mübarizədə seçdiyi taktika nəticə verəcək:
“Dövlət və onun imkanları ilə kilsə və onun imkanlarını müqayisə edəndə kimin kim olduğu tam şəkildə aydın olur. Birmənalı şəkildə bəllidir ki, dövlətin imkanları daha çoxdur. Maliyyə, inzibati, media imkanları baxımından Paşinyan daha böyük resurslara malikdir, nəinki II Qaregin”.
“II Qaregin tezliklə vəzifəsini tərk edəcək”.
Həmsöhbətimiz Qareginin bu yaxınlarda təzyiqlər nəticəsində vəzifəsini tərk edəcəyinə əmindir:
“Başqa nəticə ola da bilməz. Onun Paşinyan hökumətinə qarşı mübarizə aparmaq gücü yoxdur. Hələ çar II Nikolayın zamanından Rusiya imperiyası dini qurumlar üzərində nəzarəti əlində saxlamağa çalışıb.
Rus imperatorları vaxtilə dini işləri idarə edən qurum yaratdılar. Yalnız xristian dinində Roma Papası, yepiskoplar, kandinallar var. İslam dinində isə bunlar nəzərdə tutulmur. Odur ki, dövlətlə erməni kilsəsi arasındakı ziddiyyətlər Paşinyanın qələbəsilə yekunlaşacaq. Qareginə inzibati baxımından fəaliyyət göstərmək üçün heç bir imkan verilməyəcək. O, istefaya getməyə məhkumdur”.
Rüfət Sultan, Bizim.Media































































































