Dekabrın 17-də Bakı şəhərində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
İclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş direktor cənab A.Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.
Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib.
Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.
Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.
Dekabrın 19-dək davam edəcək 17-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində görüşləri keçiriləcək.
Bizim.Media





































































































