Sahibə Qafarova litvalı həmkarı ilə Zəngəzur dəhlizini müzakirə etdi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova litvalı həmkarı ilə Zəngəzur dəhlizini müzakirə etdi - FOTO

0:00
0:00
58609

Milli Məclisin sədri Sahibə Qafarova Litva parlamentinin (Seym) sədri Viktoriya Çmilite Nielsen ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Viktoriya Nielsen Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq qeyd edib ki, Azərbaycan və Litva yaxın tərəfdaşdırlar. 

O, ölkələrimiz arasında münasibətlərin yüksək inkişafından məmnunluğunu ifadə edib. Bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlar mövcuddur. O cümlədən, İnformasiya-kommunikasiya texnologiyaları, qida, aqrar, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar var. Seymin sədri deyib ki, Azərbaycan Litvanın tvininq proqramı çərçivəsində ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir.
 

Ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Viktoriya Nielsen regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.


Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Litvaya ilk rəsmi səfəri olduğunu söyləyib və inamını ifadə edib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

Azərbaycan və Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirən spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu vurğulayıb.

O, bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya 1 rəsmi və 2 işgüzar səfərini, həmçinin Litva Respublikası prezidentlərinin Azərbaycana 2 rəsmi və 3 işgüzar səfərini xüsusilə qeyd edib.

Daha sonra spiker Litva Respublikasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi qeyd edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında danışıb.
 

Milli Məclisin sədri deyib ki, bu qələbə sayəsində Azərbaycan öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib.


Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, regional kommunikasiyaların bərpa olunmasının vacibliyi, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə reallaşan nəqliyyat layihələri, Zəngəzur dəhlizi haqqında da məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin