Qarabağ və Qərbi Azərbaycanda məhv edilən mədəni irsimiz – Malayziyalı alimin GÖZÜ İLƏ... – FOTO

Hazırda oxunan: Qarabağ və Qərbi Azərbaycanda məhv edilən mədəni irsimiz – Malayziyalı alimin GÖZÜ İLƏ... – FOTO

585329

“Azərbaycan beynəlxalq hüquq nöqteyi-nəzərindən məhv edilmiş abidələrin bərpası üçün kompensasiya məsələsini tələb etmək hüququna malikdir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Malayziya Beynəlxalq İslam Universitetinin dosenti Olsi Yazeci bildirib.

Yazeci müsahibəsində ölkəmizlə bağlı təəssüratları, mədəni abidələrimizin erməni vandalizminə məruz qalması, o cümlədən Azərbaycanın Malayziyadakı səfirliyinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Cənab Yazeci, Azərbaycana səfərinizin məqsədi nədir və ölkəmizdə sizin ən çox diqqətinizi çəkən nə oldu?

- Biz Azərbaycana Qərbi Azərbaycan İcmasının təşkil etdiyi konfransda iştirak etmək üçün gəlmişik. Konfransda azərbaycanlıların Qərbi Azərbaycandakı irsi müzakirə edildi. Bu mənim Azərbaycana, paytaxt Bakıya ilk səfərimdir. Azərbaycan inkişafı və müasirliyi məni çox təsirləndirdi.

- Bəs Azərbaycana səfər etməzdən əvvəl ölkəmizlə bağlı hansı düşüncədə idiniz? Bakıya gəldikdən sonra, təəssüratlarınızda hər hansı dəyişiklik oldumu?

- Azərbaycana gəlmək mənim üçün böyük bir sürpriz oldu. Mən Malayziyada Rusiya və Osmanlı tarixini tədris edirəm. Bundan əlavə, Azərbaycan tarixi ilə bağlı - xüsusilə də, Sovetlərin Azərbaycanı işğal etməsi, SSRİ dövrü, o cümlədən müstəqilliyin bərpası ilə bağlı araşdırmalar aparmışam. 


Lakin çıxış etmək üçün ölkənizə ilk dəfədir gəlirəm. Bu, doğrudan da, inanılmaz bir təcrübədir. Azərbaycan əhalisi çox mehriban və savadlıdır. Ölkəniz isə kifayət qədər firavandır.

- Məlum olduğu kimi, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olub. İşğal dövründə şəhərlərimiz, kəndlərimiz dağıdılıb, maddi-mədəni irs nümunələri erməni vandalizmə məruz qalıb. Qarabağda dağıdılan Azərbaycanın mədəni irs nümunələri ilə bağlı nə düşünürsünüz?

- Bəli, Sovet İttifaqının süqutundan sonra Qarabağ məsələsi Azərbaycan xalqı üçün çox böyük faciəyə çevrildi. Bizim Xocalı və digər qırğınlarla bağlı məlumatımız var. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı qələbə və Qarabağın azad olunması həqiqətən də təqdirəlayiqdir. Postsovet məkanının tarixinə nəzər salsaq, görə bilərik ki, Azərbaycan keçmiş sovet respublikaları arasında bütün sahələrdə ən uğurla inkişaf edən dövlətlərdən biridir.

Onu da qeyd edim ki, ermənilərin işğalı azərbaycanlılar üçün çox amansız nəticələrə səbəb olub. Onlar həm etnik, həm də dini infrastrukturu məhv ediblər. Bu dağıntılar təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın özündə – Qərbi Azərbaycanda da bənzər addımlar atılıb. Nümunə üçün İrəvanı qeyd edə bilərəm ki, azərbaycanlılar orada möhtəşəm müsəlman şəhəri inşa etmişdilər. Amma təəssüf ki, İrəvandakı tarixi abidələr tamamilə dağıdılıb.

Bununla belə, mən məsələyə böyük nikbinliklə yanaşıram. Qərbi Azərbaycan İcması öz keçmişinin, tarixi irsinin bərpası istiqamətində qətiyyət göstərir və inanıram ki, onlar erməni işğalçılarının vurduğu zərəri bərpa edə biləcəklər.

- Bəs mədəni irsimizə vurulan zərərlə bağlı beynəlxalq hüquq çərçivəsində hansı addımlar atıla bilər?

- Beynəlxalq səviyyədə işğal olunmuş ərazilərdə mədəni irsin qorunması ilə bağlı bir sıra konvensiyalar mövcuddur və işğalçı tərəflər işğal etdikləri ərazilərdə xalqların mədəni irsini qorumaq məsuliyyəti daşıyırlar.

Ermənistanın işğalı isə çox amansız olub. Hesab edirəm ki, Azərbaycan beynəlxalq hüquq nöqteyi-nəzərindən məhv edilmiş abidələrin bərpası üçün kompensasiya məsələsini tələb etmək hüququna malikdir.

- Ümumilikdə, Malayziya ictimaiyyəti Azərbaycan həqiqətləri ilə bağlı nə qədər məlumatlıdır? 

- Biz bir müddət əvvəl Azərbaycanın səfirliyi ilə birlikdə universitetimizdə konfrans təşkil etdik. Tələbələrimizə Azərbaycan xalqının yaşadığı faciələr – işğal olunmuş torpaqlar və tarixi mirasınız barədə məlumatlar verdik. Azərbaycanın Malayziyadakı səfirliyi çox yaxşı fəaliyyət göstərir və mən səfirliyin əməkdaşlarını bu cür uğurlu fəaliyyətə görə təbrik edirəm.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin