Ramiz Mehdiyevin barəsində açılan cinayət işi Azərbaycan cəmiyyətində təkcə siyasi gündəmin yox, həm də uzun illər pərdəarxasında qalan proseslərin açılmasına səbəb olan silsilə reaksiyalar doğurdu. Bu reaksiyalar fonunda üzə çıxan əsas faktlardan biri isə Ramiz Mehdiyevlə Əli Kərimlinin illərlə davam etmiş gizli əməkdaşlığı və Azərbaycan dövlətinə qarşı hazırlanan xəyanət strategiyasıdır.
MÖVZU İLƏ BAĞLI:
Gizli şəbəkənin ÇÖKÜŞÜ – Ramiz Mehdiyev-Əli Kərimli əməkdaşlığı ilə bağlı yeni DETALLAR
Ramiz Mehdiyev – Əli Kərimli xəttinin yaranması
Aparılan paralellər və tarixi kontekst göstərir ki, Mehdiyev–Kərimli münasibətləri təsadüfi və ya situativ deyil – bu əlaqələrin kökü “Meydan hərəkatı”na qədər uzanır.
1980-ci illərin sonlarında SSRİ-də başlayan yenidənqurma prosesləri milli hərəkatlara həm meydan açmış, həm də onları nəzarətdə saxlamaq üçün KQB-yə geniş imkanlar yaratmışdı. Həmin dövrdə Azərbaycan KP MK-nın ideoloji katibi olan Ramiz Mehdiyev və yeni formalaşan “Yurd” təşkilatının aparıcı simalarından biri olan Əli Kərimli eyni ideoloji mühitin içində fəaliyyət göstərirdilər. Bu paralel mövcudluq sonrakı əməkdaşlığın təməlini qoymuşdu.
AXC-nin arxa planı: KQB layihəsi kimi formalaşma
Meydan hadisələrini yaxından izləyənlərə yaxşı məlumdur ki, ümumxalq hərəkatını vahid çətir altında toparlamaq KQB üçün nəzarət baxımından ən optimal variant idi. Elə buna görə də SSRİ-nin bir çox respublikalarında eyni adlı strukturlar – “Xalq Cəbhələri” – yaradılmışdı.
Azərbaycanda ozamankı kiçik təşkilatlar - “Yurd”, “Çənlibel” və digər dəstələrin nümayəndələrinin Xalq Cəbhəsi bayrağı altında birləşdirilməsi də bu planın tərkib hissəsi idi.
AXC-nin KQB layihəsi olduğunu isbatlayan digər fakt isə hərəkatın fəallarından olan Nemət Pənahlının etiraflarıdır:
“Həmin dövrdə Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə KQB Moskvadan və “Pribaltika” üzərindən gəldi ki, guya, Xalq Cəbhəsi yaradılır. Mən də 1988-ci il Meydan hadisələri vaxtı bunu ifşa etdim. Meydanda mənim çıxışlarım var ki, Xalq Cəbhəsi xalqı aldatmaq məqsədilə yaradılan KQB -nin oyunudur. Bu oyuna getmək olmaz”, - deyə Nemət Pənahlı yerli mətbuata müsahibəsində bildirib.
Daha bir fakt isə mərhum şair Nüsrət Kəsəmənlinin etirafıdır. Bir dəfə söhbət zamanı ondan soruşdum ki, “bəy, Azadlıq meydanındakı mitinqlərin iki əsas aparıcısından biri siz idiniz. Bəs necə oldu ki, siz sonradan hərəkatdan kənarda qaldınız?”
O zaman şair gülümsəyərək çox qısa və lakonik cavab vermişdi:
“Çünki mən KQB agenti olmaq istəmədim”.
“Polyaniçko məktəbi” fenomeni
KQB ilə əməkdaşlıq edən hər kəs sonradan AXC-də yüksək mənsəb qazandılar. Hərəkat üzvlərinin KQB və Mərkəzi Komitə ilə əlaqələri həmin dövrdə də müzakirə olunurdu. Vaxtilə respublikamızda “Polyaniçko məktəbi” adlı qeyri-rəsmi bir təşkilat var idi. Bu məktəbin ən fəal üzvləri isə “Yurd” hərəkatının fəalları və Əli Kərimli idi.
Qeyd edək ki, Viktor Polyaniçko Meydan hərəkatı başlayandan - 1988-ci ildən SSRİ dağılanadək - 1991-ci ilə qədər Azərbaycan KP MK-nin ikinci katibi olmuşdu. O, zamanında hərəkat üzvləri ilə ciddi iş aparırdı. Bir növ hərəkatın ideoloji rəhbəri idi. Onun ən sadiq tələbələrindən biri də Əli Kərimli idi. Təsadüfi deyil ki, Əli Kərimli AXC yaranan ilk gündən partiyada yüksək postlar tutub. 1992-ci ildən isə AXC sədrinin birinci müavini olub.
Əli Kərimli-KQB əlaqələrinin sonrakı mərhələsi
Əli Kərimlinin KQB və daha geniş mənada Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığını ifşa edən başqa faktlar da mövcuddur. Bunlardan biri də Əli Kərimlinin müstəqilliyin ilk illərində KQB arxivlərinin açılmasına qarşı apardığı kampaniya idi. Dövlət Katibi olduğu dövrdə də, sonrakı illərdə də o bu təşəbbüsün qarşısında dayanmışdı. Bu isə onun keçmiş əlaqələrdən narahatlığının ciddi göstəricisidir.
Sonrakı illərdə Əli Kərimli maskasını dəyişməyə çox çalışdı. Hətta Avropada dəbə minən narıncı köynəyi geyinib küçələrə düşdü, özünü Qərbin adamı kimi göstərməyə çalışdı. Lakin heç kim ona inanmadı. Ona yaxın və bələd olan hər kəs bilirdi ki, Əli Kərimli Rusiyanın adamıdır.
Yeni dövr: Milli Şura, “Milyarderlər İttifaqı” və sinxron fəaliyyət
2011-ci ildən sonra anti-Azərbaycan dairələrinin fəallaşdığı bir vaxtda Əli Kərimlinin radikal siyasi xətti daha da sərtləşdi. Rusiyada yaradılan “Milyarderlər İttifaqı” ilə Azərbaycanda onun təşəbbüsü ilə formalaşdırılmış Milli Şura arasında sinxron fəaliyyətin müşahidə olunması da təsadüfi deyildi.
Diasporun sağlam qüvvələri “Milyarderlər İttifaqı”nın arxa planını anladıqdan sonra bu strukturu blokladılar. Lakin Əli Kərimli və Ramiz Mehdiyev Azərbaycanın daxilində eyni xətt üzrə fəaliyyətlərini davam etdirdilər.
Eyni mərkəzə işləyən iki köhnə fiqurun sonu
Dövlət Təhlükəsizlik Xidmətinin 29 noyabrda Əli Kərimlinin evində apardığı axtarış zamanı aşkarlanan sənədlər onun hələ də xarici mərkəzlərə bağlılığını və Azərbaycana qarşı fəaliyyətin tərkib hissəsi olduğunu bir daha üzə çıxardı.
Açıq şəkildə məlum oldu ki, həm Ramiz Mehdiyev, həm də Əli Kərimli Azərbaycan dövlətinə qarşı uzun illər boyu koordinasiyalı fəaliyyət yürüdüb, xarici xüsusi xidmət orqanlarının maraqlarına uyğun addımlar atıblar.
Yəni, onların 80-ci illərin sonundan başlayan əməkdaşlıqları sonrakı illərdə də davam edib. Hətta Ramiz Mehdiyev çevriliş planında köhnə, sevimli tələbəsi Əli Kərimliyə xüsusi yer ayırmağı da unutmayıb...
Surxay Atakişiyev, Bizim.Media




























































































