Rəsmi Bakı: “Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir”

Hazırda oxunan: Rəsmi Bakı: “Aİ ilə Ermənistanın imzaladığı sənəd Azərbaycanla sülh gündəliyinə ziddir”

584645

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Aİ arasında imzalanan sənədi şərh edib.

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.
 

Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.


Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır.

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır.

İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir.

Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur. Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı
Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir.

Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin