Ukrayna və Zelenskinin gələcək taleyi necə olacaq? - Azər Xudiyevlə MÜSAHİBƏ

Hazırda oxunan: Ukrayna və Zelenskinin gələcək taleyi necə olacaq? - Azər Xudiyevlə MÜSAHİBƏ

582681

Ukrayna çox çətin bir dönəmə qədəm qoyub. Sülhə dair “Tramp planı” və ölkədəki korrupsiya qalmaqalı Zelenskini və Ukraynanı dalana dirəyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan münaqişələrin həllində dünyaya yeni model təqdim edir” – Azər Xudiyev


Bəs üfüqdə nə görünür?

Bu və digər suallarla Azərbaycanın Ukraynadakı sabiq səfiri, diplomat Azər Xudiyev  Bizim.Media-nın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Azər müəllim, istərdik ki, söhbətimizə Ukraynadakı ağır hökümət və hərbi-siyasi böhranla başlayaq. Nə baş verir?

- Bəli, tamamilə doğru dediniz. Ukrayna dərin böhran içindədir. Həm hökümət daxilində, həm də xarici siyasətdə ciddi təlatümlər var. Bildiyiniz kimi Prezident Volodimir Zelenskinin ən yaxın ətrafı böyük korrupsiya qalmaqalı ilə üzləşib. Ukrayna Milli Antikorrupsiya Bürosu təkcə energetika sektorunda 100 milyonluq korrupsiya faktı aşkar edib.

Bununla əlaqədar olaraq Ədliyyə və energetika nazirləri vəzifələrindən azad edilib və istntaqa cəlb olunublar.
 

Bu qalmaqal Zelenskinin ölkə daxilindəki siyasi dayaqlarını ciddi şəkildə zədələdi. Təsadüfi deyil ki, Ali Radadakı Zelenskiyə bağlı “Xalqa xidmət” fraksiyasının əksər üzvləri də artıq hakimiyyətə qarşı çıxır, müxalif deputatlarla həmrəylik nümayiş etdirirlər. Hazırda Ukrayna cəmiyyəti Zelenskidən 2 məsələnin həllini tələb edir. Bunlardan biri Təhlükəsizlik və müdafiə şurasının sədri Rüstəm Umarovu, digəri isə Prezident aparatının rəhbəri Yermakı istefaya göndərməkdir.


Hər iki şəxsin vəzifədən sui-istifadə etmələrinə dair kifayət qədər ciddi faktlar var.

- Sizə elə gəlmir ki, Ukraynada hökümət böhranını xarici qüvvələr körükləyir? Bu Zelenskiyə təzyiq vasitəsi ola bilərmi?

- Bunu birmənalı şəkildə təsdiqləyə bilmərəm. Amma hadisələrin gedişatı göstərir ki, prosesə xaricdən müdaxilə var. Yada salaq ki, bir müddət əvvəl də Ukrayna höküməti ilə bağlı qalmaqal yaşanmışdı. O zaman Yermak tələm-tələsik Zelenski ilə birgə parlamentə layihə təqdim etmişdi ki,  Ukrayna Milli Antikorrupsiya Bürosu tam müstəqil yox, Baş Prokurorluğun yanında bir qurum kimi fəaliyyət göstərsin. Qanun layihəsi Ali Radadan keçsə də ictimai basqı hesabına qanunun qüvəyyə minməsi baş tutmadı.

Nəzərə alaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu tam müstəqil bir qurumdur. Oraya namizədlər ictimi təşkilatlardan və fəallardan irəii sürülür. Bu səbəbdən də Ukrayna höküməti Büroya hər hansı bir təsir göstərə bilmir. Lakin bir reallıq da var ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun maliyyəsi Qərbin ianələri hesabına formalaşır.
 

Belə vəziyyətdə isə Qərbin bu quruma təsir imkanları kifayət qədər böyükdür. Fikrimin sübutu üçün bir faktı xatırlatmaq istərdim ki, bir müddət əvvəl Milli Təhlükəsizlik Xidməti Ukrayna Milli Antikorrupsiya Bürosunu bloka almışdı. Bu da qurumun işini iflic eləmişdi. Məhz həmin vaxt ABŞ-ın xüsusi xidmət orqanlarından bir qrup mütəxəssis Ukraynaya gəldi və qısa zamanda bütün elektron müdaxilələr aradan qaldırıldı.


Üstəlik, Büroya xüsusi qulaqasma cihazları verildi. Məhz bu cihazlar vasitəsi ilə Büro Ukraynanın ən yüksək çinli məmurlarının toplandığı Qruşevski 9B-ni onlayn nəzarətə götürdü. Halbuki hökumət üzvlərinin toplandığı bu məkan xüsusi avadanlıqlar vasitəsi ilə ətrafdan təcrid olunmuşdu.

Amerika mütəxəssislərinin və texlikasının sayəsində bu qapalı zonada “Midas əməliyyatı” nı keçirtmək mümkün oldu. 3 min saatdan çox gizli səs yazıları ələ keçirildi. Səs yazılarından daha çox Zelenski hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə olunur.Bu da onu göstərir ki, hökümət böhranında Qərbin əli var.

- Bu cür təzyiqlər həm də Zelenskini 28 maddəlik “Tramp planı”nı qəbul etməyə məcbur edir...

- Tamamilə doğrudur. Nəzərə alaq ki, “Tram planı” başdan-başa Rusiyanın maraqlarına xidmət edir. Ekspertlərin ilkin rəyinə görə, bu sülh layihəsində Ukraynanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə və Beynəlxalq hüququn prinsiplərinə xələl gətirə biləcək 70-dən çox nüans var. Hətta bu layihə ABŞ-ın siyasi-iqtisadi maraqlarına ziddir.

Hər kəs bilir ki, bu sənəd Ukraynanın kapitulyasiyasına xidmət edən bir layihədir. Layihə açıq şəkildə Rusiyanın maraqlarına xidmət edir. Avropa liderlərinin Cenevrə müzakirələrindən sonra layihənin maddələri sayı əvvəlcə 24-ə, daha sonra isə 19-a endirildi.

Təbii ki, sənədə edilən dəyişikliklər Rusiyanın maraqlarının əksinədir. Ona görə də Rusiya düzəlişlərdən sonra təqdim ediləcək heç bir sənədi yəqin ki, qəbul etməyəcək. Ona görə də bu və digər səbəblərə görə mən “Tramp planı”nın baş tutacağına inanmıram.

- Qərb zaman-zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də ortaya qoyulan son sənəd göstərdi ki, bu heç də belə deyil. Qərb Ukraynanın parçalanmasına loyal yanaşır. Elə deyilmi?
 

- Razıyam. Yada salaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra, 2022-ci ilin yayında İstanbulda münaqişə tərəfləri bir araya gəldi. Və o zaman Ukraynanın ərazi bütövlüyünün və suveren hüquqlarının saxlanılmasına dair müəyyən razılaşmalar oldu. Lakin Qərbin təzyiqləri ilə bu danışıqlar yarımçıq qaldı. Üstəlik, həmin hadisədən sonra Ukraynanın danışıqlarda tərəf kimi iştirakı birmənalı şəkildə aradan qaldırıldı.


Əvəzində Qərb müharibənin daha da alovlanması üçün Ukraynaya hərbi yardımı artırdı. Amma bu yardımlar da davamlı olmadı. Ukrayna cəbhə xəttində hansısa uğurlu əməliyyat keçirdikdən həmən sonra Qərbin yardımı dayandırılır. Yeni yardımların gəlməsi isə müəyyən vaxt aparır.

Sanki Qərb məqsədli şəkildə müharibənin uzanmasına və Ukraynaın işğalına şərait yaradır.

Halbuki Qərb hər zaman bəyan edir ki, Ukraynanın ərazi bütövlüyü hər vasitə ilə qorunub, saxlanılacaq. Reallıqda isə Ukrayna ərazilərinin işğalına və dövlətin zəifləməsinə çalışlılır. Bulqakovun məşhur ifadısi var: “Əgər sənə desələr ki, müttəfiqlər bizə köməyə tələsir — inanma. Müttəfiqlər — alçaqlardır.” Yada salaq ki, dünyada çox şey dəyişsə də korporativlər dəyişmir.

- Verilən vədlərə, edilən yardımlara rəğmən Qərb güclü Ukraynanı istəmir. Qərbə zəif və üzüyola bir Ukrayna lazımdır. Son 10 ildəki proseslər də bunu sübut etdi...

- Bilirsiniz, dünyada çox şey dəyişsə də, geosiyasi maraqlar dəyişmir. Bu maraqların öndə gedəni isə odur ki, hər bir dövlət qonşusunun ondan daha zəif olması istəyidir. Hər bir dövlət çalışır ki, qonşu dövləti həm təsir altında saxlasın, həm də onun bazarını ələ alsın.

Bu mənada Ukrayna öz ərazisinə görə Şərqi Avropanın ən böyük dövlətidir. Bu dövlətin trilyon dollarla hesablanacaq təbii sərvətləri var. Qiymətli torpaqların 30-35 faizi Ukraynadadır. Taxıl zəmiləri, daş kömür və digər qiymətli məhsullara böyük ölçüdə sahib olan Ukraynanı Qərb qüdrətli görmək istəmir. Çünki iqtsadiyyatı qüdrətli olan ölkənin hərbi potensialı da güclü olur. Və sözü də Beynəlxalq aləmdə eşidilir. Buna görə də azad və qüdrətli Ukraynanı nəinki Almaniya, Fransa yox, heç Polşa və Çexiya kimi dövlətlər də istəmir.

- Bəs bunu bilə-bilə Ukraynanın siyasi rəhbərliyi niyə avantüraya uydu?

- Ukraynanın başına gələn bütün pis hadisələrə görə günahkar ölkənin siyasi elitasıdır. Siyasi elita hər zaman Ukraynanın sərvətlərini düşməncəsinə talayıb, məhv edib. Tək bir faktı deyim ki, keçmiş SSRİ-nin ən böyük hərbi bazaları və hərbi sənayesi daha çox Ukrayna ərazİsində cəmləşmişdi. Bu da Avropaya daha yaxın olmaq istəyindən edilmişdi. Və 1991-ci ildə SSRİ süqut edəndə Ukraynaya çox böyük hərbi sənaye potensialı qaldı. Amma Ukraynanın siyasi elitası nə etdi? Ukaraynadakı nüvə raketləri müəmmalı şəkildə Rusiya verildi. Ən dəhşətlisi odur ki, 1995-ci ilə qədər-cəmi 4 ildə Ukrayna Afrika ölkələrinə 32 milyard dollarlıq silah satmışdı. Bu indiki qiymətlərlə müqayisədə bilirsiniz nə deməkdir?! O zamankı siyasi elita hazırda Avropanın ən bahalı şəhərlərində lüks həyat sürürlər.

Ümumiyyətlə, Ukraynanın siyasi hakimiyyətində heç zaman prinsipiallıq olmayıb. Beynəlxalq platformalarda heç bir məsələyə Ukrayna qətiyyətli münasibət göstərməyib. Hər zaman loyallıq nümayiş etdirib.

Xatırlamaq yerinə düşər ki, Ukrayna SSRİ dağılanda iki-üç ölkədən biri oldu ki, qurbanlar vermədi. Azərbaycanda Qarabağ, Gürcüstanda Cənubi Osetiya, Moldovada Dnestryanı bölgə çox ağır problemlər yaratdığı haldda Ukrayna belə bir sınaqla üz-üzə qalmadı. Əksinə SSRİ-dən bu ölkəyə misli görünməmiş səviyyədə sərvətlər qaldı. Amma son nəticədə Ukraynanın siyasi elitası ölkəni müharibənin ağuşuna atdı.

- Elə isə müharibəni seçən Zelenskini bundan sonrakı taleyi barədə nə demək olar?

- Zelenskinin gələcəyi ilə bağlı birmənalı fikir söyləmək çətindir. Hazırkı vəziyyət belədir ki, Tramp çalışır ki, yanvarın 10-dək Rusiya-Ukrayna münaqişəsini bitirsin.Çünki bu tarixədək Nobel Sülh Mükafatına namizədlərin ilkin və qısa siyahısı hazır olacaq. Amerika lideri də yaxın 40 gündə adını həmin siyahıda görmək istəyir. Və bunun üçün nəyin bahasına olursa-olsun Ukraynada sülhə nail olmğa çalışır. Belə olarsa Tramp daha bir məsələdə uğur qazana bilər.

Bilirsiniz ki, hazırda ABŞ-da “Epşteyn dosyesi”nin istintaqı gedir. Və bu dosyedə Trampın adı da keçir. Bu məsuliyyətdən qaçmaq üçün Tramp heç olmasa, beynəlxalq aləmdə uğur qazanmaq istəyir ki, Amerikada ona münasibət yaxşılığa doğru dəyişsin.
 

Lakin Ukraynadakı müharibədə son söz ABŞ-ın deyil. Bilirsiniz ki, Ukraynanı müharibəyə əsasən Böyük Britaniya sürükləyib. Sabiq baş nazir Boris Conson münaqişənin ilk günündən tez-tez Kiyevə səfərlər edib. Ona görə də Ukraynanın və Zelenskinin taleyi daha çox ingilislərin qərarından asılıdır.Ona görə də Tramp Zelenskini öz planına razı salmadan öncə rəsmi Londonun “Ok”ini almalıdır.


Nəzərə alaq ki, ingilislər siyasətdə çox konservativdirlər. Onlar öz maraqlarını heç kimə güzəştə getmirlər. Bu mənada “ingilislərin dami dostları yox, daimi maraqları var” deyimi nəzərə alınmalıdır. Yəni ingilislərin maraqları təmin olunana qədər münaqişə davam edəcək. Və Zelenskinin taleyi də açıq qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin