Rusiya iqtisadiyyatının çökməsi və rublun dəyərsizləşməsinin Azərbaycana təsiri təkcə rəsmi statistika ilə hesablana bilməz, qeyri-rəsmi və dolayı təsirlər yetərincədir
Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar gücləndikcə, bir sual getdikcə daha aktuallaşır: Rusiyanın iqtisadi çöküşü Azərbaycan iqtisadiyyatına nə vəd edir? Azərbaycan qonşu ölkədə baş verən sarsıntılardan özünü qoyuya biləcəkmi? İndi beyin mərkəzləri bu məsələni ən müxtəlif rakurslardan araşdırırlar.
Rusiya iqtisadiyyatının çöküşü təbii ki, ən yaxın qonşularından olan Azərbaycana də təsir göstərəcək. Bu baxımdan Azərbaycan iqtisadiyyatı üçün risklər yüksək qiymətləndirilmir. Azərbaycan iqtisadiyyatı Rusiya iqtiisadiyyatına çox zəif inteqrasiya edilib. Ancaq məsələ bundadır ki, rəsmi statistika ilə reallıq arasında kəskin fərqlər var.
Rəsmi statistikaya görə, ötən ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollar dollar olub. Bu Azərbaycanın ümumi ticarət dövriyyəsinin (34,7 milyon dollar) cəmi 7 faizdir. Ümumiyyətlə, Azərbaycanın ticarət dövriyyəsində Rusiya da daxil olmaqla MDB ölkələrinin payı cəmi 11,5 faizdir ”“ 4 milyard dollar. Azərbaycanın əsas ticarət tərəfdaşları MDB məkanından kənardadır. Azərbaycanın ticarət dövriyyəsinin 12 milyard dolları ”“ 35 faizi ABŞ, Türkiyə və Avropa Birliyi ölkələrinin payına düşür. Eləcə də Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları əhəmiyyətli dərəcədə az yatırılıb. Bu baxımdan yanaşsaq Rusiya iqtisadiyyatının çöküşü Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərtməyəcək.
Rusiyadan Azərbaycana idxalın 90 faizdən çoxunu maşınqayırma, avtomobil, kimya sənayesi məhsulları, metal məmulatlar, meşə təsərrüfatı malları (əsasən taxta-şalban), ərzaq və kənd təsərrüfatı xammalı təşkil edir. Azərbaycandan Rusiyaya ərzaq və kənd təsərrüfatı məhsulları ixrac olunur.
Rusiya iqtisadiyyatının çökməsindən Azərbaycan başqa formada ziyan çəkə bilər. Söhbət azərbaycanlı miqrantların göndərdiyi pulların azalmasıından gedir. Müxtəlif hesablamalara görə, Rusiyadakı miqrantlar Azərbaycana hər il 1,5-2,5 milyard dollar aralığında pul göndərirlər. Bəzən rəsmi satistika daha az rəqəm göstərir. Məsələn, Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, hər il Rusiyadan Azərbaycana təqribən 1 milyard dollar pul göndərilir. Amma bu rəqəm yalnız bank köçürmələrini əhatə etdiyinə görə ziddiyyətlidir. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlıların sayı da mübahisəlidir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirmişdi ki, Rusiyada 600 mindən 3 milyonadək aralıqda azərbaycanlı yaşayır. Göründüyü kimi, statistikanın aşağı və yuxarı həddi arasında 5 qat fərq var. Eynilə Ruiyadan Azərbaycana pul köçürmələri barədə rəqəmlər də bir o qədər şübhəlidir.
Belə rəqəmlər banklar vasitəsilə köçürülən pulların uçotu əsasında hesablanaraq açıqlanır. Halbuki Rusiyadan Azərbaycana pulların daxil olması yolu heç də təkcə banklar deyil. Burada 3 əsas yol var:
Birincisi, banklar vasitəsilə pulköçürmələr: Bu, müxtəlif pulköçürmə sistemləri vasitəsilə pulların köçürülməsi metodudur. Açıqlanan rəqəmlər məhz bu metodla göndərilən pulları əhatə edir. Amma iri pulların hamısı heç də bu metodla göndərilmir. Rusiyanın açıqladığı rəsmi statistikaya görə, Rusiyadan Azərbaycana bir pulköçürmə əmliyyatının orta məbləği 617 dollar olub. Bunun özü onu göstərir ki, heç də pulların hamısı bu metodla göndərilmir.
İkincisi, nağd şəkildə: Adətən, nisbətən böyük məbləğləri qatar və ya avtomobillə gələnlər özləri ilə gətirirlər. Yuxarıdakı orta pulköçürmə məbləğindən də aydın görünür ki, banklar vasitəsilə məsələn, 10 min dollar pulun göndərilməsi nadir hadisədir. Təyyarə uçuşları zamanı da müəyyən məbləğlər gətirilir, amma bu zaman nəzarət güclü olduğuna görə əsasən qatarla, xüsusən də avtomobillə gətirirlər. Amma yenə də söhbət nəhəng məbləğlərdən deyil, ən yaxşı halda 10-20 min dollarlıq porsiyalardan gedir. Bununla belə, uçotdan yayınmaqla nağd şəkildə Rusiyadan Azərbaycana gələn məbləğ heç də bank köçürmələrinin ümumi məbləğindən az ola bilməz, əksinə, əhəmiyyətli dərəcədə çox olmalıdır.
Üçüncü, mal formasında: Əslində Rusiyadan Azərbaycana məhsul ixrac edənlər də adətən, elə orada yaşayan azərbaycanlıların özləri olurlar. Xüsusən kənd təsərrüfatı istehsalı və meşə təsərrüfatında azərbaycanlı sahibkarların sayı çoxdur. Onlar öz mallarını Azərbaycana göndərirlər və buradakı satış nöqtələrinə nisyə verirlər, sonra onların adamları malların pulunu toplayırlar. Həmin pulların əhəmiyyətli bir hissəsi Azərbaycanda qalır. Bunun bir hissəsi idxal dövriyyəsi kimi uçota alınsa da, ölkəyə pul daxil olması kimi qeydə alınmır. Daha böyük məbləğlər məhz bu üsulla ölkəyə gətirilir.
Bütün bunları nəzərə aldıqda əminliklə deyə bilərik ki, Rusiyadan Azərbaycana hər il 7-8 milyard dollardan çox vəsait daxil olur. Bu, ölkə əhalisinin ümumi illik gəlirinin 25 faizinə yaxındır. ÜDM-in isə 10 faizindən çoxdur.
Məsələnin başqa bir cəhəti də var. Rusiyada yaşayan iş adamları Azərbaycana çox saylı xırda biznes layihələrinə sərmayə qoyurlar (kiçik sexlər, şadlıq evləri, dükanlar, xidmət müəssisələri), sosial layihələr (kənd yollarının təmiri, məktəb və məscidlərin təmiri və s.) maliyyələşdirirlər. Bu mənbə hesabına hər il Azərbaycan iqtisadiyyatına ən azı 1-2 milyard manat yatırılır. Az qala Azərbaycanda hər kəndin Rusiyada bizneslə məşğul olan sponsoru var.
Nəhayət, Azərbaycanda bir çox sahələrin (çoxmərtəbəli yeni tikililərin, avtomobil, daşınmaz əmlak və s.) əsas müştəriləri “Rusiya uşaqlarıdır”. Bu amilləri nəzərə alsaq Rusiya iqtisadiyyatının çökməsi və rublun deyersizləşməsi Azərbaycana ən azı 10 milyard dollar ziyan vuracaq. Bu Azərbaycanın büdcə xərclərinin təxminən yarısına bərabərdir. Yəni Rusiya iqtisadiyyatının çökməsi və rublun dəyərsizləşməsinin Azərbaycana təsiri təkcə rəsmi statistika ilə hesablana bilməz. Qeyri”“rəsmi və dolayı təsirlər kifayət qədər çoxdur.
istiqlal.az
































































































