Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Raket hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan dəydi – FOTO/VİDEO
Göruş zamanı Azərbaycan tərəfinin ölkənin diplomatik nümayəndəliyinin Kiyevdəki binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciətinin Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə araşdırıldığı bildirilib.
Məlumata görə, Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı təəssüfünü ifadə edib.
“Eyni zamanda, mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəlik kompleksinə dəyən ziyan çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi və “Patriot” raketinin zərbəsi nəticəsində baş verib.
Azərbaycan tərəfinə bir daha bildirilib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri qanuni hərbi hədəflərə, o cümlədən Kiyevdə yerləşən obyektlər də daxil olmaqla, Ukrayna müdafiə sənayesi obyektlərinə zərbələr endirir. Zərbələr planlaşdırılarkən mülki şəxslərə zərər dəyməməsi üçün döyüş məlumatları diqqətlə öyrənilir və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yerlər nəzərə alınır. Bu kontekstdə, Azərbaycanın Ukraynadakı obyektlərinə qarşı iddia edilən “məqsədli raket zərbələri”nin həqiqətə uyğun olmadığı vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.
Bundan başqa, görüş zamanı ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əldə edilən uğurlar, eləcə də mədəni və humanitar əlaqələrin tam bərpasının vacibliyi qeyd edilib.
Xatırladaq ki, Rusiya ordusunun noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi genişmiqyaslı zərbələr zamanı atılmış “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Bizim.Media























































































