Trampın Ukrayna ilə bağlı 28 maddəlik sülh planının TAM MƏTNİ – FOTO

Hazırda oxunan: Trampın Ukrayna ilə bağlı 28 maddəlik sülh planının TAM MƏTNİ – FOTO

581635

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə 28 maddəlik sülh planınının detalları bəlli olub.

Bizim.Media xəbər verir ki, Ukraynanın Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında sülh planının mətnini paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın sülh planının hazırlanmasında Trampın kürəkəni də iştirak edib


Sülh planının bəndlərini təqdim edirik:

Suverenlik və təhlükəsizlik

1. Ukraynanın suverenliyi rəsmən təsdiqlənəcək.

2. Rusiya, Ukrayna və Avropa arasında hərtərəfli “qeyri-təcavüz” sazişi imzalanacaq – son 30 ildəki bütün mübahisəli məsələlər bağlanmış hesab ediləcək.

3. Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə şərqə doğru genişlənməyə son qoyacaq.

4. ABŞ vasitəçiliyi ilə Rusiya–NATO dialoqu bərpa olunacaq.

5. Ukraynaya təhlükəsizlik zəmanətləri veriləcək.

6. Ukrayna Silahlı Qüvvələrinin sayına limit – 600 min nəfər müəyyən ediləcək.

7. Ukrayna Konstitusiyasında NATO-ya üzvlükdən imtina təsbit ediləcək, NATO da öz nizamnaməsinə bununla bağlı qeyd daxil edəcək.

8. NATO Ukrayna ərazisində qoşun yerləşdirməyəcək.

9. Avropa qırıcıları Polşada yerləşdiriləcək.

ABŞ-ın zəmanət şərtləri

10. ABŞ təhlükəsizlik zəmanəti müqabilində kompensasiya alacaq.

- Ukrayna Rusiyaya hücum edərsə – zəmanət ləğv olunacaq.

- Rusiya Ukraynaya hücum edərsə – bütün sanksiyalar və əvvəlki razılaşmalar bərpa ediləcək.

- Ukrayna səbəbsiz şəkildə Moskva və ya Sankt-Peterburqa zərbə endirərsə – zəmanət qüvvədən düşəcək.

Ukrayna–Avropa əlaqələri

11. Ukrayna Aİ-yə üzvlük hüququnu qoruyacaq və üzvlük gözlənilən müddətdə Avropa bazarına güzəştli çıxış əldə edəcək.

12. Ukraynanın bərpası üçün texnologiyalar, süni intellekt, qaz infrastrukturu, şəhərlərin yenidən qurulması və təbii ehtiyatların istismarı daxil olmaqla qlobal investisiya paketi hazırlanacaq.

Rusiyanın iqtisadi reinteqrasiyası

13. Rusiya tədricən dünya iqtisadiyyatına qaytarılacaq, sanksiyaların mərhələli ləğvi müzakirə olunacaq.

- ABŞ və Rusiya uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi bağlayacaq.

- Rusiya G8 formatına geri dəvət ediləcək.

14. Donmuş Rusiya aktivləri bölüşdürüləcək:

- ABŞ rəhbərliyində Ukraynanın bərpasına 100 mlrd dollar ayrılacaq – gəlirin 50%-i ABŞ-a aid olacaq.

- Avropa da əlavə 100 mlrd dollar yönləndirəcək.

- Aktivlərin qalan hissəsi ABŞ–Rusiya investisiya fonduna yönəldiləcək.

Hərbi və nüvə siyasəti

15–18. ABŞ və Rusiya təhlükəsizlik üzrə birgə işçi qrup yaradacaq, strateji silahların məhdudlaşdırılması haqda sazişlərin müddəti uzadılacaq.

- Ukrayna nüvə silahından rəsmi imtina edəcək.

19. Zaporojye AES MAQATE nəzarəti altında işə salınacaq və hasil edilən enerji 50:50 nisbətində Rusiya və Ukrayna arasında bölüşdürüləcək.

Cəmiyyət və humanitar blok

20. Hər iki ölkədə təhsil və tolerantlıq proqramları həyata keçiriləcək;

- dini və dil azlıqlarının hüquqları qorunacaq,

- media azadlığı təmin ediləcək,

- “nasist ideologiya” tam qadağan olunacaq.

Ərazi məsələləri

21. Mübahisəli ərazilər aşağıdakı qaydada bölünəcək:

- Krım, Donetsk və Luqansk ABŞ tərəfindən de-fakto Rusiya ərazisi kimi tanınacaq.

- Xerson və Zaporojyedəki təmas xətti boyunca ərazilər “dondurulmuş zona” kimi qəbul ediləcək.

- Rusiya digər vilayətlərdə ələ keçirdiyi ərazilərdən imtina edəcək.

- Donetskin Ukrayna nəzarətində olan hissəsi neytral demilitarizasiya zonası olacaq.

22. Razılaşdırılmış sərhədlər güc tətbiqi ilə dəyişdirilməyəcək – əks təqdirdə bütün zəmanətlər ləğv olunur.

23. Dnepr çayı ticarət üçün açıq saxlanılacaq, Qara dənizdə taxıl daşınmasına maneə olmayacaq.

24. Humanitar mübadilə:

- Bütün əsirlər “hamıya-hamı” prinsipi ilə dəyişdiriləcək.

- Uşaqlar və mülki şəxslər geri qaytarılacaq.

- Ailələrin birləşdirilməsi proqramı işə düşəcək.

Siyasi mərhələ

25. Ukraynada 100 gün sonra seçkilər keçiriləcək.

26. Müharibə dövründəki bütün hərəkətlərə tam amnistiya veriləcək.

27. Saziş hüquqi məcburi qüvvəyə malik olacaq – icrasına Donald Tramp rəhbərlik edəcək “Sülh Şurası” nəzarət edəcək.

28. Tərəflər razılığa gələn kimi atəşkəs dərhal qüvvəyə minəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin