Braziliyanın Belem şəhərində keçirilən COP30 BMT İqlim Dəyişikliyi Konfransının yüksək səviyyəli plenar iclasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ölkəmizin iqlim məsələlərində multilateralizmə və qlobal əməkdaşlığa sadiqliyini bir daha vurğulayıb.
Bizim.Media xəbər verir ki, iclasın açılışında Yalçın Rəfiyev dünya ölkələrini iqlim böhranı ilə mübarizədə birgə hərəkət etməyə çağırıb.
Diplomat qeyd edib ki, ötən il Bakıda keçirilmiş COP29 iqlim sammiti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında tarixdə ən məhsuldar COP-lardan biri kimi yadda qalıb.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə tərəflər arasında mürəkkəb məsələlərə dair konsensus əldə olunub və Paris Sazişinin bütün əsas istiqamətləri üzrə mandatlar uğurla başa çatdırılıb.
Yalçın Rəfiyev çıxışında qeyd edib ki, COP29-da qəbul edilən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları səfərbər edilməsini nəzərdə tutur. Bu, indiyə qədər BMT çərçivəsində razılaşdırılmış ən böyük iqlim maliyyələşdirilməsi paketidir.
Həmçinin, COP29 və COP30 sədrlikləri tərəfindən hazırlanan “Bakıdan Belemə Yol xəritəsi” iqlim maliyyəsinin 2035-ci ilə qədər illik 1,3 trilyon dollara çatdırılması üzrə addımları müəyyənləşdirir.
Azərbaycanın “Milli Töhfələrə Dəyişikliklər 3.0” (NDC 3.0) barədə məlumat verən Yalçın Rəfiyev bildirib ki, ölkəmiz emissiyaların 2035-ci ilə qədər 40 faiz azaldılmasına dair hədəfini müəyyən edib. Bu, əvvəlki 2050-ci il üçün nəzərdə tutulan məqsəddən 15 il əvvələ çəkilərək daha ambisiyalı planı əks etdirir. Yeni NDC sənədi, həmçinin iqtisadiyyatın bütün sektorlarını əhatə edir.
Yalçın Rəfiyev vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliklərinin təzyiqlərinə kifayət qədər açıq ölkədir. Xüsusilə Xəzər dənizinin su səviyyəsinin sürətlə azalması region üçün ciddi ekoloji və iqtisadi təhlükə yaradır. O, bu məsələnin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib adlandırıb.
“Azərbaycan multilateralizmə sadiqdir və biz qlobal prosesin qorunmasına çalışırıq.
COP30-da bütün tərəfdaşlarla birlikdə “yaşıl dünya” naminə həmrəyliyimizi davam etdirəcəyik”, – deyə Yalçın Rəfiyev çıxışını yekunlaşdırıb.



Bizim.Media

































































































