İran son dövrün ən kritik su böhranı ilə mübarizə aparır. İran prezidenti Məsud Pezeşkian bildirib ki, dekabr ayına qədər yağıntı olmasa, hökumət Tehranda su təchizatını məhdudlaşdırmağa başlamalı olacaq.
“Hətta məhdudlaşdırma tətbiq olunarsa və yağıntı yenə də olmasa, ümumiyyətlə suyumuz olmayacaq. Tehran sakinləri təxliyə olunmalı olacaqlar”, - deyə Prezident Pezeşkian bildirib.
MÖVZU İLƏ BAĞLI:
Pezeşkiandan XƏBƏRDARLIQ – “Yağış yağmasa, əhali Tehrandan təxliyə ediləcək”
Bəs problemin əsas səbəbi nədir? 10 milyondan çox əhalisi olan Tehranın sakinləri şəhəri tərk edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Cənubi azərbaycanlı politoloq Saleh Kamrani bildirib ki, İran quraqlıq bir bölgədir. Lakin burada əsas problem İranda su məsələsini necə idarə etmək və planlaşdırmaqdır:

“Tehranın millət vəkili də bildirib ki, insanlar bir əlin barmaqlarını keçməyəcək qədər şəxsin əlindədir və bunlar suyu şəxsi mənfəət üçün istifadə edirlər. Hətta xarici dövlətlərə satırlar. Əsas problem budur. Bu şəxslərin İranda 2 prinsipi var. Birincisi, şəxsi mənfəətlər, yəni pul qazanmaqdır. Digəri isə ideoloji məsələlərdir”.
Yanlış siyasətin nəticəsi
Kamrani qeyd edib ki, İranın ərazisinin böyük hissəsi çöllükdür və quraq bölgələrə suyun çatdırılması üçün yetərli texnologiya yoxdur:
“Həmin ərazilərə su aparmaq məqsədilə istehsal olunan məhsullar da uyğun deyil. Böyük sənaye müəssisələrinin həmin bölgələrdə yerləşdirilməsi düzgün deyil. Məsələn, İsfahan və Kirman kimi şəhərlərə su ilə təmin olunan yerlərdən, ərəblərin yaşadıqları bölgələrdən süni şəkildə su gətirirlər. Bunu isə fars bölgələrinin üstünlüyünü qorumaq və onları daha abad vəziyyətdə saxlamaq üçün edirlər. Nəticədə, həm suyun mənbəyini qurudurlar, həm də gətirilən bu sular çöllük əraziləri yaşıllaşdırmağa, təbii vəziyyətə qaytarmağa qadir olmur”.
Saleh Kamrani əlavə edib ki, hazırda paytaxtda yaşanan ciddi su problemi də “su mafiyası”nın planlarının bir hissəsidir:
“Tehran məsələsinə gəlincə, Pezeşkian dəfələrlə deyib ki, paytaxtın Tehrandan başqa yerə, dəniz kənarına köçürülməsi vacibdir. Lakin indi “su mafiyası” adlanan çevrələr Ərəb körfəzindən milyardlarla dollar xərcləyərək Tehrana su gətirmək planı qururlar. Bu isə yenə yanlış idarəçiliyin təzahürüdür.
Urmiya gölünün quruması da məhz bunun nəticəsidir. Urmiya kimi bir çox göllər, bataqlıqlar və çaylar da eyni aqibətlə üzləşib. Belə bir düşüncə hakim olduğu müddətdə, bu kimi problemlərin həlli mümkün deyil”, - deyə S.Kamrani əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media


























































































