Xəbər verdiyimiz kimi, noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Böyük təntənə və coşqu ilə keçirilən hərbi paradda üç qardaş ölkənin liderinin birgə iştirakı iqtisadi, siyasi və hərbi birliyin nümayişi idi.
MÖVZU İLƏ BAĞLI:
Kilsə, revanş və keçmişin illüziyaları: Ermənistan cəmiyyətində təmizlənmə MƏRHƏLƏSİ
Hərbi cinayətkarların həyata keçən “arzuları”
Prezident İlham Əliyevin paraddakı çıxışı tarixi mesajlarla yadda qaldı. Dövlət başçısı çıxışında erməni revanşistlərin Vətən savaşından əvvəl verdiyi absurd açıqlamalara diqqət çəkdi:
“Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.
İlham Əliyevin bu açıqlaması təkcə Bakı Hərbi Məhkəməsində mühakimə olunan cinayətkarlara deyil, həm də Robert Köçəryan və Serj Sarkisyan kimi revanşistlərə mesaj idi.
Xəstə ideyaların süqutu
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında BAP sədri, millət vəkili Elşad Musayev qeyd edib ki, xarici məkrli qüvvələr əsrlər boyu Azərbaycan torpaqlarını erməniləşdiriblər:
“Bu azmış kimi ermənilərin beyninə xəstə bir fikir yeridiblər ki, onlar böyük xalqın nümayəndələri və “dənizdən-dənizə dövlət”in sahibləridirlər. Ən dəhşətlisi də odur ki, ermənilər bu yalanlara inanmışdılar. Bunu son 35 ildə açıq aydın gördük. Rusiya və Qərbin hərbi-siyasi dəstəyi ilə SSRİ dağılandan sonra Azərbaycanın 20 faiz torpaqlarını Ermənistan işğal etdi. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın birtərəfli münaibəti sayəsində torpaqlarımız 30 ildən artıq işğal altında qaldı”.
Şovinistlərin unutduğu reallıq
Deputat erməni şovinizminin ideoloqlarının illərdir formalaşdırmağa çalışdığı absurd ideyalardan da söz açıb:
“Məsələn, şovinist Robert Köçəryan, Serj Sarkisyan və digər ultra millətçilər həyasızcasına deyirdilər ki, “zaman gələcək Bakıda çay içəcəyik”, “Bakı küçələrində tanklarımız gəzəcək”, “donuzlarımızı Kürün suyu ilə suvaracağıq” və s. Bu fikirləri deyəndə ermənilər özlərinə yox, xarici qüvvələrə arxayın idilər. Lakin ermənilər və onların havadarları bir reallığı nəzərdən qaçırdırdılar ki, Türkün qolu bükülməz. Gec-tez xalqımız ayağa qalxacaq və ədalətin təntənəsi üçün mübarizə aparacaq.
Belə də oldu...
44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və Azərbaycan xalqı tarixi gerçəklikləri bir daha ortaya qoydu. Cəmi ay yarıma Azərbaycan torpaqları işğaldan azad olundu. Təbii ki, bu möhtəşəm qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Tarixi zəfərimizdə şəhidlərimizin və qazilərimizin müstəsna payı var. Onlar öz qanları və canları bahasına torpaqlarımız erməni murdarlığından təmizlədilər.
Təbii ki, o günlər 7-dən 77-dək hər bir azərbaycanlı müsəlləh əsgər idi. Hər kəs böyük qələbəyə öz töhfəsini verməyə çalışırdı. Beləcə Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz və xalqımız təkcə Ermənistan təcavüzünə son vermədi, həm də qlobal güclərə öz gücümüzü nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün Qərb də, Rusiya da Azərbaycanla münasibətlərə tam fərqli rakursdan - bərabər səviyyəli tərəfdaş kimi baxır. Ona görə də Zəfər Gününün 5 -ci il dönümü ümumxalq bayramı kimi qeyd edildi”.
Erməni şovinistlərinə xəbərdarlıq
Müsahibimiz hərbi paradda dost və qardaş ölkələrin liderlərinin və hərbi birliklərinin iştirakını böyük hadisə olduğunu vurğulayıb
“Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı dayanması dünyaya bir mesaj idi. Bu yeni gücün və yeni birliyin təcəssümü və təntənəsi idi. Bu birlik həm də xəstə təxəyüllərin ideya müəlliflərinə və onun icraçısı olan erməni millətçilərinə bir xəbərdarlıq idi. Ona görə də noyabrın 8-də Azadlıq meydanında keçirilən Zəfər paradı təkcə bir bayram tədbiri yox, həm də bəşəriyyətə yeni reallıqların təqdimatı idi”.
Surxay Atakişiyev, Bizim.Media





































































































