MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri bu gün Moskvada keçiriləcək XIII görüşdə region üçün təhlükələri, onlara qarşı birgə tədbirləri müzakirə edəcəklər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, görüşə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sədrlik edəcək.
O, həmçinin Azərbaycan, Ermənistan və Belarus nümayəndələri ilə ayrıca ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, iclasda MDB məkanında təhlükəsizlik çağırışları və təhdidləri, eləcə də onlara cavab tədbirləri müzakirə ediləcək.
Təhlükəsizlik Şurası sədrinin müavini Aleksey Şevtsovun bildirdiyinə görə, görüş həm də humanitar əməkdaşlıq mövzularına həsr olunacaq.
Sergey Şoyqu qeyd edib ki, Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində keçirilən bu görüş "qarşılıqlı etimada əsaslanan unikal platformadır", burada yalnız təhlükəsizlik gündəliyinin ən mürəkkəb məsələlərini açıq və konstruktiv şəkildə müzakirə etmək deyil, həm də ümumi ənənəvi dəyərlər əsasında ölkələri və xalqları xarici və daxili təhlükələrdən qorumaq üçün qərarlar qəbul etmək mümkündür.
Görüşün iş proqramı İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə Aleksandrov bağında Naməlum Əsgərin məzarındakı Əbədi alov abidəsinə gül qoyma mərasimi ilə başlayacaq.
MDB Təhlükəsizlik Şuralarının katiblərinin bu toplantısı, 31 oktyabrdan 5 noyabra qədər Moskvada keçirilən “Rusiya və MDB xalqları” beynəlxalq festivalının yekun tədbiri olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi Ramil Usubovdur.
Bizim.Media






























































































